“Turan” İnformasiya Agentliyinin həbsdə olan direktoru Mehman Əliyevin azadlığa buraxılması üçün Azərbaycanın bir sıra ziyalıları prezident İlham Əliyevə müraciət ünvanlayıb.
 
RePost.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, müraciəti Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatları Rasim Musabəyov, Asim Mollazadə, Fazil Mustafa, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, kinorejissor və ssenarist Ramiz Fətəliyev, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, şərqşünas-alim Fərda Əsədov, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri Qulu Məhərrəmli imzalayıb.
 
Müraciəti imzalayanlar “Turan” İnformasiya Agentliyinin həbs olunmuş direktoru Mehman Əliyevin işini diqqətə götürməyi prezidentdən xahiş ediblər: “Bu şəxsin ölkə mətbuatının inkişafında böyük xidmətləri var, o, nüfuzlu jurnalist və media eksperti kimi dünyada tanınır. Mehman Əliyev özü və başçılıq etdiyi agentlik çoxsaylı mükafatlara layiq görülüb.
 
“Turan” agentliyi Azərbaycan ətrafında yaranmış informasiya blokadasının yarılmasında və Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayıb. Xocalı faciəsi barədə dünyaya ilk məlumatı məhz “Turan” agentliyi çatdırıb. Həmin faciə haqqında çəkilmiş “Sonsuz dəhliz” filmində “Turan”ın nadir arxiv sənədlərindən və agentliyin əməkdaşlarının yaradıcı dəstəyindən geniş istifadə edilib. Bu beynəlxalq layihə sayəsində dünyada yarım milyarddan çox insan Xocalı faciəsi barədə məlumatlandırılıb.
 
Mehman Əliyevin istintaqdan yayınma ehtimalı ilə həbsdə saxlanılması inandırıcı deyil, çünki ilk gündən o, istintaqdan boyun qaçırmayıb, əksinə, onunla əməkdaşlıq edib.
 
Cənab Prezident, biz cəmiyyətin yaxşı tanıdığı bir jurnalistin taleyindən narahatlığımızı ifadə edirik. İstintaqın obyektiv aparılmasına və Mehman Əliyev barəsində həbs-qətiimkan tədbirinin dəyişdirilməsinə kömək göstərməyinizi xahiş edirik".
 
Qeyd edək ki, Mehman Əliyev avqustun 24-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham edilir.
 
M.Əliyev bütün ittihamları rədd edərək, onları siyası motivli adlandırıb.
 
RePost.Az

Baxış sayı: 2545