"Azərbaycanın düşmənlə təmas xətti yaşayış məntəqələrinə yaxın məsafədə yerləşib. Bu səbəbdən ordumuzun canlı qüvvəsinin, hərbi texnikasının yerdəyişmələri, əraziyə yeni hərbi texnikaların gətirilməsi əksər hallarda yerli sakinlər tərəfindən müşahidə edilir və bununla da onlar artıq vacib informasiya daşıyıcısına çevrilirlər".

RePost.Az bildirir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İlqar Musayev Ağdam rayonunun Quzanlı qəsəbəsində "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda çıxışı zaman deyib.

İ.Musayev bildirib ki, bu vətəndaşların bəziləri şahidi olduqları hərbi və təhlükəsizlik tədbirləri barədə fikirlərini, yaxud çəkdikləri video və fotoşəkilləri öz yaxınları ilə sosial şəbəkələr və mobil telefon vasitəsilə bölüşürlər: “Bununla da onlar əslində düşmənə cəbhə xəttində əməliyyat şəraitini qiymətləndirməyə və ordumuza qarşı qabaqlayıcı tədbirlər görməyə şərait yarada bilən informasiyanın sızmasına səbəb olurlar. Bu cür hallar mülki əhalinin müdafiəsinin etibarlı təşkili və düşmənin təxribatlarının vaxtında qarşısınını alınması üçün görülən tədbirlərə zərər vurmaqla yanaşı döyüş bölgəsində xidmət aparan zabit və əsgərlərin həyatına ciddi təhlükə yaradır”.

DTX rəisinin müavini vurğulayıb ki, ümumiyyətlə, hər bir vətəndaş, xüsusilə təmas xəttinə yaxın yaşayış məntəqələrinin hər bir sakini bu məsələnin məsuliyyətini ciddi şəkildə dərk etməli və dövlət təhlükəsizliyinə zərər vura biləcək hər hansı məlumatların yayılmasından çəkinməlidir:

“Araşdırmalar, düşmənin Azərbaycanın efir məkanında, həmçinin sosial şəbəkələrdə məlumat toplanmasına xüsusi önəm verdiyini göstərir. Bu səbəbdən vətəndaşların ayıq-sayıq olmaları, cəbhəyani ərazilərdə yaşayan sakinlərin və xidmətdə olan hərbçilərimizin internet şəbəkələrindən, mobil texnologiyalarından diqqətlə və ehtiyyatla istifadə etmələri, xüsusilə düşmən tərəfindən tətbiq edilə biləcək naməlum və açıq “WiFi” efirinə qoşulmamaları tövsiyyə olunur. Biz müharibə şəraitində yaşadığımızı qətiyyən unutmamalıyıq”. (trend)


Baxış sayı: 2174 | Tarix: 12.09.2017
Bizi Telegramda izləyin: @repostaz