Almaniya polisi bu ölkədə bir-birinin ardınca yeddi soyğunçuluq hadisəsi törədən, otelləri və supermarketləri yaran azərbaycanlı yeniyetməni yaxalayıb.
 
Virtualaz.org Almaniya KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycandan bu ölkəyə getmiş 16 yaşlı yeniyetmə 10 gün ərzində Hamburq şəhərinin qərb hissəsində beş otelə və iki supermarketə quldur basqınları həyata keçirib. Və hər dəfə eyni sxemlə hərəkət edib. O, qara maska taxaraq otellərə və supermarketlərə basqın edib, əməkdaşları və kassrləri bıçaqla hədələyib, pulları tələb edib. Beş soyğunçuluq hadisəsində həmin azərbaycanlı “orta məbləğlərdə” pul aparmağa nail olub, ikisində isə əliboş dönüb. Hamburq polisinin mətbuat katibi Tanja fon der Axe belə deyib.
 
Polisin bildirdiyinə görə, ilk soyğunçuluq hadisəsi dekabrın 5-də törədilib. Həmin hadisədən sonra polis soyğunçunun izinə düşsə də onun bir-birinin ardınca yeni soyğun hadisələri törətməsinin qarşısını ala bilməyib. Nəhayət ötən həftə sonu polis soyğunçunun kimliyini müəyyən edib və qaldığı yeri təsbit edib. Məhkəmənin çıxardığı həbs orderi əsasında polis əməliyyat keçirərək gənc soyğunçunu həbs edib.
 
Xatırladaq ki, Almaniyada cinayətkarlıq son vaxtlar miqrantların bu ölkəyə axını ilə bağlı kəskin artıb. Habelə miqrantlar arasından çıxan terrorçular dəfələrlə terror hücumları törədib. Ötən gün Berlində Yeni il yarmarkasının keçirildiyi bazara TIR-la daxil olub qarşısına keçənləri tapdalayan terrorçunun da Pakistandan ötən ilin sonunda Almaniyaya gedən miqrant olduğu müəyyənləşib. Bundan əvvəl isə ərəb mənşəli miqrant pilləkənlərdən düşən alman qızın arxasından güclü təpik zərbəsi endirərək ona ağır xəsarət yetirmişdi, bu hadisə ölkədə geniş rezonansa səbəb olmuşdu.
 
Alman mediası yazır ki, bu ölkənin iri şəhərlərində ərəblərdən ibarət cinayətkar dəstələr at oynadır və polis onlarla bacarmır. Ölkənin qapılarını ərəb, pakistanlı və afrikalı miqrantların üzünə açan kansler Merkel getdikcə daha çox reytinq itirir və onun siyasətindən narazıların sayı artır. Almaniya hazırda qaçqınlar üçün ən yüksək sosial müavinət ödəyən və onları ən çox qayğı ilə əhatə edən ölkədir.
 
RePost.Az

Baxış sayı: 3124 | Tarix: 20.12.2016
Bizi Telegramda izləyin: @repostaz