İraq Kürd Regional Hökumətinin Kürdüstan dövləti elan olunması üçün sentyabrın 25-də keçirdiyi referenduma görə İraq hökuməti, Türkiyə, İran və bir sıra dövlətlər etirazlarını ortaya qoyub. 
 
RePost.Az xəbər verir ki, Azərbaycan dövlət olaraq bu məsələyə hələ rəsmi münasibət bildirməsə də, Azərbaycanın Kürdüstan dövlətinin qurulması məsələsinə Türkiyənin yanında olduğu məlumdu. Buna baxmayaraq bəzi məmurlar öz mövqelərini gizlədə bilməyiblər. Laçın rayonu içra hakimiyyətinin hüquq şöbəsinin müdürü Fizuli Tanrıverdiyev sosial şəbəkələrdən istifadə edərək açıq-aşkar separatçılığın təbliği ilə məşğul olur. O, sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən status və fotolar paylaşıb.
 
Məsələ ilə bağlı Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Modern.az-a açıqlamasında şöbə müdiri Fizuli Tanirverdiyevlə ölçü götürüləcəyini bildirib: "Məsələ diqqətimizdədir. Lazımi ölçü götürüləcək”.
 
Müəyyən iradlardan sonra statuslarını silən Füzuli Tanrıverdiyev isə əməlindən peşman görünmür: "Kürdlər referendum keçirdilər. Bunun nəyi pisdir? Xalq "hə” desəydi də, "Yox” desəydi də, münasibətim elə olacaqdı. Çünki bu silah gücünə olmadı. Demokratik sivil yolla olan hər bir seçkini dəstəkləyirəm. Bunu alqışlamaq lazımdır".
 
O bildirib ki, hansısa fikirlərinə ona təzyiq olunması yanlışdır: "Bütün dünyanın danışdığını mən Azərbaycanda danışıramsa, niyə mənə belə təzyiq olmalıdır?!
 
Mən nəyəsə görə kürdlüyümü, soyumu, kökümü inkar etməliyəm? Mən qorxmadan, çəkinmədən Kürdüstanın bayrağını belə qaldıraram başımın üstünə. Bu bayraq mənim fəxrimdir. Necə ki, mən Azərbaycanı sevirəm, Azərbaycanın bayrağını dalğalandırır, vətən üçün ölümə gedirəmsə, bir kürd üçün də gedərəm. Dünyanın bu başından o başına kimi yaşayan kürdlərin uğuru uğrumdu, kədəri kədərim. Necə Azərbaycanı sevirəmsə, kürd kimi də kürdlüyümü sevirəm. Hansı dövlət orqanı mənim mövqeyimi araşdırmaq üçün çağırsa, gedəcəm. Kimin nəyinə lazımdır mənim mövqeyim?! Azəbaycanının daxili işi olmayan məsələdə kimsə məni niyə günahlandırmalıdır?".
 
Mövqeyinə görə vəzifədən kənarlaşdırılma ehtimalına gəlincə, F.Tanrıverdiyev "Sağ olsun dövlətimiz, sağ olsun rəhbərimiz. Bizə ehtimad göstərib, işləyirik. 5 manat qazanıb balamıza aparırıq. Əgər etimadı doğrultmadımsa, o başqa məsələ. Heç nə deyə bilmərəm. Əgər çıxışmla bağlı məni işdən çıxarsalar, qərar verəcəm. Əgər məni çıxışıma, mövqeyimə görə çıxarsalar, əhsən deyərəm. Fəxr edərəm ki, kürdlüyümə görə məni işdən çıxardılar. Gedərəm pasportu da, hərbi biletimi də yandıraram. Xidmətdə olduğum fəxri fərmanları da yandıraram, ölkəni tərk edərəm" - deyib. 
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə Füzuli Tanirverdiyevin sosial şəbəkədə İraq Kürd Muxtariyyətinin müstəqillik referendumunu dəstəkləməsi ilə bağlı paylaşımları araşdırıldığını bildirib. O deyib ki, araşdırma başa çatdıqdan sonra mediaya ətraflı məlumat veriləcək.
 
RePost.Az

Baxış sayı: 2421 | Tarix: 26.09.2017
Bizi Telegramda izləyin: @repostaz