Dünya şöhrətli alim Lütfi Zadə ilə vida mərasiminin yeri və vaxtı məlum olub.
 
RePost.Az-ın məlumatına görə, bu barədə APA-ya Lütfi Zadənin yaxın qohumu, xalq artisti, rejissor Cənnət Səlimova məlumat verib.
 
Onun sözlərinə görə, alimin cənazəsi Bakıya sentyabrın 29-da səhər saatlarında gətiriləcək:
 
“Bakı-Nyu-York reysini yerinə yetirən təyyarə sentyabrın 29-da səhər saat 6-da Bakıya çatacaq. Lütfi Zadənin cənazəsi aeroportdan birbaşa Heydər Məscidinə aparılacaq. Daha sonra saat 12:00-da Milli Elmlər Akademiyasında vida mərasimi başlayacaq. Lütfi Zadə I Fəxri Xiyabanda dəfn olunacaq”.
 
Cənnət Səlimova əlavə edib ki, alimin oğlu Norman Zadə dəfn mərasimində iştirak etməyəcək.
 
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli də APA-ya bildirib ki, Lütfi Zadə ilə vida mərasimi sentyabrın 29-da saat 12:00-dan 14:00-dək Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək.
 
Onun sözlərinə görə, dəfn mərasimində AMEA-nın bütün heyəti, rəsmi şəxslərin iştirakı gözlənilir.
 
Vida mərasimdən sonra mərhum I Fəxri xiyabanda dəfn ediləcək.
 
Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.
 
Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib.
 
O, ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailəsi ilə birlikdə Tehrana köçüb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.
 
 
Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.
 
Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.
 
20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb.
 
Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda tətbiq olunub.
 
Dünya şöhrətli alimi sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.
 
RePost.Az

Baxış sayı: 1906