Azərbaycanda yağın qiymətinin yüksəlmə səbəbi müzakirə mövzusu olaraq qalır.
 
Dövlət Gömrük Komitəsinin son açıqlamasına əsasən, bu məhsulun cari ilin sentyabr ayı üçün orta statistik qiyməti 5,20 ABŞ dolları təşkil edib.
 
İdxalçılar isə bəyan edirlər ki, Azərbaycana idxal olunan kərə yağının əsas hissəsi Yeni Zelandiyadan gətirilir. 2017-ci ilin sentyabr ayında Yeni Zelandiyada kərə yağının qiyməti 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2 dəfədən çox, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə 85%-dək, 2017-ci ilin yanvar ayı ilə müqayisədə 30%-dən çox bahalaşıb. Hazırda bir ton üçün qiymət 6100-6200 ABŞ dolları arasında dəyişir. Nəqliyyat xərcləri, gömrük və vergi rüsumlarını (36% təşkil edir) əlavə etdikdə kərə yağının 1 kiloqramı idxalçının anbarına 7.18-7.52 ABŞ dollarına və yaxud 12.21-12.78 manata daxil olur.
 
İqtisadçı-ekspert Vahid Məhərrəmov Oxu.Az-a açıqlamasında bildirdi ki, ölkədə yağa olan tələbat yerli istehsal hesabına ödənmədiyindən bu, sahibkarlara idxal etdikləri məhsulu baha qiymətə satmağa imkan verir: “Son bir ildə yağın idxal dəyəri hər kiloqram üzrə 1 dollara yaxın bahalaşıb”.
 
Ekspert yağın dünya bazar qiymətinin artması yönündə irəli sürülən fikirləri təsdiqlədi: “Lakin artım elə də yüksək deyil. Daxili istehsal stimullaşdırılmadıqca, yağ baha olacaq. Qonşu ölkələrlə müqayisədə Azərbaycanda yağın, südün qiyməti yüksəkdir”.
 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov idxalçının anbarına 7.18-7.52 ABŞ dollarına daxil olan kərə yağının bazara 18 manata çıxarılmasına aydınlıq gətirdi. Onun sözlərinə görə, yerli xərclər yağın qiymətinə ciddi təsir etmir: “Ən yaxşı hada 12 manatlıq məhsulun dəyərinə 1,5 manat təsir edə bilər. Yerli xərcləri də əlavə etdikdə, yağ heç bir zaman 18 manata təklif edilməməlidir. Yağın qiyməti süni şəkildə artırılaraq, istehlakçıya baha qiymətə satılır”.
 
Dövlət tərəfindən bazara müdaxilənin vacib olduğunu diqqətə çatdıran ekspert qeyd etdi ki, kərə yağı ölkədə ən çox istifadə edilən qida məhsullarından biridir: “Demək olar ki, bütün ailələrdə kərə yağından istifadə edilir. Buna görə də yağın bahalaşması müzakirə mövzusu olub. Qiymət artımı bütün ailələrin xərcini artıb”.
 
Yağ daha da bahalaşacaq
 
Məlumat üçün bildirək ki, Çində kərə yağına tələbatın artması, eləcə də, Avropada istehsalın azalması sözügedən məhsulun dünya bazar qiymətinin bahalaşmasına gətirib-çıxarıb. Lakin bu, Azərbaycanda kərə yağının qiymətinin artımının əsas səbəbi hesab edilmir. Ən pisi də odur ki, kərə yağının qiyməti bundan sonra da artmaqda davam edəcək. İdxalçıların özlərinin bəyanatına görə, bu gün satışda olan məhsul, 1 ton yağın qiymətinin 5200-5450 dollar olduğu zamanda alınıb və Azərbaycana idxal olunub. Hazırda bir ton yağ 6100-6200 ABŞ dolları arasında dəyişir. Deməli, növbəti aylarda 1 kq kərə yağını 20 manata alacağımız istisna deyil.
 
İdxalın əsas payçısı 4 şirkətdir
 
Dövlət Gömrük Komitəsinin açıqlamalarından da aydın olur ki, Azərbaycana yağ idxalı 43 şirkət tərəfindən reallaşdırılır. 2017-ci ilin 9 ayı ərzində Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib. Lakin bazarın əsas payçısı 4 şirkətdir. Dövlət Statistika Komitəsinin 2016-cı il üzrə hesabatına görə, ölkəyə 14 365,1 ton yağ idxal edilib. Bunun 11910,0 tonu Yeni Zelandiyadan gətirilib. Təxminən yağ idxalının 80 faizi.
 
Yağın idxal dəyəri yüksəlib
 
Digər tərəfdən, gömrük statistikası göstərir ki, cari ildə yağın idxal qiyməti bahalaşıb. Bu ilin səkkiz ayında ölkəyə 10 284.39 ton – 46 265.94 min dollar dəyərində kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə yağ idxalı artıb. Lakin yağ idxalının həcminin 5, 82 faiz artımı fonunda idxal dəyər ifadəsində 38,69 faiz bahalaşıb.
 
Yağın hər kiloqramı neçəyə başa gəlib?
 
Dövlət Statistika Komitəsinin rəqəmlərinə istinad etsək, görərik ki, bu ilin 6 ayında ölkəyə kərə yağı idxalı 6026,68 ton təşkil edib. İdxal edilən yağın hər kiloqramı orta hesabla 3,9 dollara başa gəlib. İdxalda ilk sıranı Yeni Zelandiya tutub. Bu ölkədən 4825,95 ton kərə yağı gətirilib. Yağın hər kiloqramı idxalçılara 3,8 dollara başa gəlib. Ukraynadan idxal edilən yağın 1 kq-ı 3,5 dollar təşkil edib. Almaniya üzrə bu rəqəm 4,4 dollar, Rusiya üzrə 1,5 dollar, Belarus üzrə 4,9 dollar olub. Nəzərə alsaq ki, göstərilən dövrdə USD/Manat məzənnəsi 1.702 manat təşkil edib, yağın hər kiloqramı idxalçılara orta hesabla 6,6 manata başa gəlib. İyun-iyul aylarında isə satış mərkəzlərində kərə yağının orta qiyməti 17 manat olub. İdxalçıların özlərinin iddia etdiyi nəqliyyat xərclərini, gömrük və vergi rüsumlarını əlavə etikdə belə, qiymət bu qədər şişməməli idi.
 
Daxili tələbat ödənilmir?
 
Sonda diqqətə çatdıraq ki, yağ Azərbaycan xalqının ən çox yediyi 10 məhsuldan biridir. Minimum istehlak səbətində əmək qabiliyyətli əhali üçün yağ istehlakı il ərzində adambaşına 7 kq, pensiyaçılar üzrə bu rəqəm 5,8 kq, uşaqlar üzrə (0-15 yaş) 6 kq nəzərdə tutulub. Dəyərləndirmələrə görə, ölkədə əhalinin kərə yağına olan illik tələbatı 35 min tondur. 2016-cı ildə ölkədə qida məhsulları istehsal edən şirkətlər tərəfindən 25 600 ton kərə yağı istehsal edilib. Elə həmin ildə ölkəyə 14 356,1 ton yağ idxal olub.
 
Qeyd edək ki, 2016-cı ildə ölkədə qida məhsulları istehsal edən şirkətlər tərəfindən 25 600 ton kərə yağı istehsal edilib.
 
RePost.Az

Baxış sayı: 2706 | Tarix: 06.10.2017
Bizi Telegramda izləyin: @repostaz