Azərbaycan prezidenti 2017-ci ili ciddi iqtisadi islahatlar ili kimi xarakterizə etdi. Doğrudan da, səsləndirilən rəqəmlər 2017-ci ildə çox böyük iqtisadi uğurların əldə edildiyini göstərir”.
 
Bunu APA-ya açıqlamasında oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyevin çıxışına münasibət bildirən millət vəkili Hikmət Babaoğlu bildirib.
 
H. Babaoğlu deyib ki, dövlət başçısı iclasda 2017-ci ilin 9 ayında ölkənin iqtisadi, siyasi, mədəni, sosial həyatında baş verən məsələlərə münasibətini açıqlayıb: “Ona görə də, bu çıxışı bir neçə aspektdən, kompleks şəkildə  qiymətləndirə bilərik. Bu ilin tarixə iqtisadi islahatlar ili kimi düşməsi 2014-2015-ci illərdə Azərbaycan prezidenti tərəfindən qlobal iqtisadiyyatda baş vermiş kataklizmlərlə bağlı çevik və effektiv iqtisadi siyasət strategiyası müəyyənləşdirilməsi ilə bağlıdır. Əgər 2015 və 2016-cı illərdə ölkəmizdə strateji iqtisadi islahatlar kursu müəyyənləşdirilməsəydi, qanunvericilik və institusional sahələrdə islahatlar aparılmasaydı, bugünkü uğurlardan da danışmaq olmazdı. Prezident qeyd etdi ki, Azərbaycanın valyuta ehtiyatları onun iqtisadi və siyasi müstəqilliyini şərtləndirən strateji vasitədir. Hazırkı mərhələdə hər bir milli dövlətin valyuta ehtiyatlarının olması onun iqtisadi və siyasi müstəqilliyinin bir növ təminatçısıdır. Çünki ölkənin valyuta ehtiyatları yoxdursa, dərhal ən müxtəlif beynəlxalq maliyyə institutları ilkin mərhələdə bir qədər cəlbedici, sonrakı mərhələdə isə ağır şərtlərlə borc verməklə, milli dövlətləri kredit və borclarla yükləyirlər. Bununla da yenidən iqtisadiyyatı dirçəltmək üçün məşəqqətli bir yol keçmək lazım gəlir. Məhz bu məsələnin həssaslığını və hazırkı mərhələdə Azərbaycan üçün bunun nə dərəcədə təhlükəli olduğunu nəzərə alan prezident valyuta ehtiyatlarımızın artdığını vurğuladı. Qeyd olundu ki, bu gün Azərbaycanın 42 milyarddan çox valyuta ehtiyatı var və təkcə 2017-ci ilin 9 ayı ərzində valyuta ehtiyatlarımız 4,5 milyard artıb. Müharibə vəziyyətində olan bir ölkə üçün valyuta ehtiyatlarının qorunması başlıca strateji məsələdir”.
 
H. Babaoğlu  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli, o cümlədən Azərbaycanın ərazi bütövlüyü məsələsində Azərbaycana çoxsaylı beynəlxalq təzyiqlər edildiyini söyləyib: “Azərbaycan müstəqil xarici siyasət yeridə bilməsə, o zaman ərazi bütövlüyü məsələsində güzəştə məcbur edilə bilər. Ona görə də həyata keçirilən çevik iqtisadi-siyasi islahatlar hazırkı mürəkkəb iqtisadi mərhələdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin edir. Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artdığını deyən dövlət başçısı bildirdi ki, 2017-ci ilin 9 ayında ölkə başçısı kimi 14 xarici ölkəyə səfər edib. Eyni zamanda, 10 ölkənin dövlət və hökumət başçısı Azərbaycana səfər edib. Və ilin sonuna kimi qarşılıqlı səfərlər davam edəcək. Bu isə Azərbaycanın dünya dövlətləri ilə, beynəlxalq təşkilatlarla münasibətlərinin ikitərəfli və çoxtərəfli qaydada inkişaf etdiyinin göstəricisidir. Heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, rolu və nüfuzu artırmaqdadır. Əlbəttə ki, bu münasibətlərin hamısında Azərbaycanın başlıca hədəfi öz ərazi bütövlüyünü təmin etməkdir. Bunun üçün Azərbaycan özünə tərəfdaş və dost ölkələr seçir və onların sayını daim artırır. Azərbaycanda həyata keçirilən çox böyük regional və qlobal xarakterli iqtisadi layihələr də ayrı-ayrı ölkələri Azərbaycana iqtisadi tərəfdaş etməklə yanaşı, həm də onu etibarlı, siyasi partnyor edir. Məhz bu məsələləri ümumi xarakterizə edən prezident qeyd etdi ki, Azərbaycan 2016-cı il aprel döyüşlərindən sonra müxtəlif şərtlər qoyaraq danışıqlar masasından qaçmağa çalışan Ermənistanı danışıqlar masası arxasında oturmağa məcbur etdi. Hazırkı mərhələdə Azərbaycanın hərbi-siyasi üstünlüyü imperativdirsə, o zaman ermənilər danışıqda maraqlı olmalıdır. Əks təqdirdə, onları çox pis nəticələr gözləyə bilər. 9 ayın yekunlarına həsr olunmuş iclasda bu fikirlərin səsləndirilməsi Ermənistanın işğalçı rejiminə yeni bir mesaj idi. Bu ciddi mesaj Ermənistan tərəfindən düzgün oxunmalıdır”.
 
Millət vəkili aparılan xarici siyasətin Azərbaycanın milli maraqlarını təmin edən xarici siyasət olduğunu vurğulayıb: “Dövlət başçısı da bunu çıxışında qeyd etdi. Önümüzdəki mərhələdə də Azərbaycan bu istiqamətə işlərini davam etdirəcək və yeni layihələr həyata keçirəcəkdir. Azərbaycanda çox münbit investisiya mühiti var. Azərbaycanın iqtisadiyyatının qlobal rəqabətlilik reytinqində 37-ci pillədən 35-ə yüksəlməsi mühüm iqtisadi göstəricidir. Bütün bunlar Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində, o cümlədən 2017-ci ildə imzalanan yeni əsrin müqaviləsi və digər meqa layihələr kontekstində Azərbaycan iqtisadiyyatı üçün böyük perspektivlər vəd edir, onun inkişafını şərtləndirir ki, bu da bizim həm beynəlxalq nüfuzumuzu, həm də siyasi müstəqilliyimizi təmin edəcək əsas resurslar qismində çıxış edir”.
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə APA-ya açıqlamasında deyib ki, Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti iqtisadi islahatların dərinləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb: “Dövlət başçısı bəzi nazirliklərin, dövlət qurumlarının iqtisadi inkişafla bağlı strateji xəritələrdə əksini tapan vəzifələri  tam yerinə yetirməməsinə diqqət çəkdi. Prezident İlham Əliyev tələb etdi ki, bu strateji xəritələrə uyğun olaraq fəaliyyət planı həyata keçirilsin. Bu strateji xəritələr ona görə hazırlanıb ki, iqtisadiyyatın müxtəlif vacib istiqamətləri inkişaf etdirilsin. Çox yaxşı haldır ki, prezident strateji xəritələrdə əksini tapan vəzifələrin, tapşırıqların həyata keçirilməsinə dair monitorinqi diqqət mərkəzində saxlayır. Dövlət başçısı iclasda nazirlərə mesaj verdi ki, bu məsələ daim nəzarətdə saxlanacaq. Digər tərəfdən, prezident bir neçə rayonda yeni “ASAN Xidmət” mərkəzi açılacağını da nəzərə çatdırdı. Həqiqətən Azərbaycanda bu xidmətlərin yaradılması çox uğurlu oldu. İnsanlar uzun süründürməçilikdən, rüşvət hallarından qurtuldular. Mərkəzlərin sayının artırılması vacibdir. “ABAD Mərkəz”lərin sayının çoxalması da regionlarda kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün çox vacib bir elementə çevrilə bilər. Ümumiyyətlə, kənd təsərrüfatına daha çox diqqət ayrılmalıdır. Dövlət başçısının siyasəti də bundan ibarətdir ki, iqtisadiyyatı şaxələndirməli, neft və qaz amilindən asılılığı azaltmalı, kənd təsərrüfatında inkişafa nail olmalıyıq. Xaricdən alınan kənd təsərrüfatı texnikasının da sayı çoxalıb və bu da çox yaxşı haldır”.
 
E. Şahinoğlu “Azəri-Çıraq-Günəşli” neft yataqları bloku ilə bağlı yeni müqavilənin əhəmiyyətinə toxunub: “Belə söz-söhbətlər var idi ki, Azərbaycanda neft hasilatı azalır və gəlirlərimiz də azalacaq. Ancaq ikinci neft müqaviləsi göstərir ki, neft hasilatında irəliləyişlər olacaq. Böyük neft şirkətləri 2050-ci ilə qədər Azərbaycanda neft hasil etmək istəyirlərsə, deməli, resurslarımız hələ tükənməyib. Bu prosesi bir az sürətləndirmək olar. Digər tərəfdən, Azərbaycan tədricən qaz ölkəsinə də çevrilir. Azərbaycan böyük nəqliyyat dəhlizlərinin yaradılmasında da böyük rol oynayır. Təsadüfi deyil ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu işə düşəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bununla əlaqədar Azərbaycana səfər edəcək. Beləliklə, Azərbaycan regional layihələrinin açar dövlətinə çevrilir. Bu da Azərbaycanın bölgədəki rolunu artırır”.
 
Siyasi mesajlara gəlincə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri dövlət başçısının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində irəliləyiş olmamasına diqqət çəkdiyini qeyd edib: “Ermənistan əvvəlki mövqeyindən çəkilmir. Düzdür, yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Amma dövlət başçısı bir daha işarə etdi ki, əgər danışıqlarda irəliləyiş olmazsa, vəziyyət yenə gərginləşə bilər. Bu da Ermənistana bir mesajdır ki, aprel döyüşləri yenidən təkrarlana bilər”.
 
ADA Universiteti İctimai və beynəlxalq məsələlər fakültəsinin dekanı Elnur Soltanov APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda siyasi marağı olmayan qurum da ölkənin iqtisadi irəliləyişini müsbət dəyərləndirib: “Azərbaycanın “Qlobal Rəqabətlilik İndeksi”ndə irəliləməsi ən əhəmiyyətli məqamlardan biridir. Bu, neytral və obyektiv bir qurumun dəyərləndirməsidir. Digər tərəfdən, prezidentin çıxışından bunu da başa düşmək lazımdır ki, islahatları həyata keçirmək, ölkə iqtisadiyyatını dünyada rəqabət aparan iqtisadiyyatlar sırasına yüksəltmək ciddi bir hadisədir. Azərbaycanın artıq postneft dövrünə qədəm qoyduğunu deyə bilərik. Azərbaycanın “rahatlıq yastığı” stabilləşsə də, artıq daha balacadır. Azərbaycan əvvəllər neft gəlirlərinə onu iqtisadi baxımdan ayaq üstə saxlayan amil kimi baxırdısa, artıq neft gəlirləri qeyri-neft sektoruna keçiddə vasitə olaraq görülməkdədir. Bu, doğru yanaşmadır. Azərbaycanda islahatların həyata keçirilməsi ilə bağlı siyasi iradə mövcuddur, dövlət strukturunun quruluşu buna uyğundur. Amma bu vəziyyətdə çoxlu ölkələr var ki, iqtisadiyyatlarında islahatlar aparmaqda böyük uğurlar qazanmadılar. Dünya dövlətlərinin 200 ildir ki, daxil olduğu bu səhnəyə biz yeni daxil oluruq, artıq oturuşmuş iqtisadi sistemlər, iqtisadi modellər var. Yeni bir ölkə olaraq bu səhnəyə rəqabət aparmaq üçün daxil olursunuzsa, bu, çox çətin məsələdir. Niyə hamı Koreya, Yaponiya iqtisadi möcüzlərindən danışır? Çünki bu, möcüzədir, az-az hallarda baş verir. Bu baxımdan Azərbaycanda iqtisadi islahatlarla əlaqədar çox ciddi addımlar atılır. O cümlədən, Azərbaycanda kənd təsərrüfatı inkişafı sahəsində atılan addımlar alqışlanmalıdır. Amma bu, çox çətin proses olacaq. Çünki ölkə üçün yararlı olan islahatlar qısa dönəmdə mövcud sistemdəki bütün tərəflərə ziyan verir, lakin uzun dönəmdə hamının xeyrinə olur. Biz hazırda bu ağırlığı yaşamaqdayıq. Hazırda yaşadığımız ağırlıq da doğuşun, yeniləşmənin, yaxşılığa doğru getmənin sancısıdır. Bu yolda çatışmazlıqlar da olacaq, ancaq ümumilikdə bu kurs düzgün kursdur. Səhvlərdən çəkinməyərək irəliyə doğru irəliləməliyik”.

Baxış sayı: 2288 | Tarix: 10.10.2017
Bizi Telegramda izləyin: @repostaz