Bu gün Bakıda yolu keçən piyadanı vuran “Jeep” markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobilin sahibi məlum olub.
 
RePost.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki “AA 707” seriyası Qaraşovlar ailəsinə məxsusdur.
 
Söhbət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun özünün və ailə üzvlərinin avtomobillərindən gedir. Konkret qəzanı törədən nömrə A. Qaraşovun oğlu Fərhad Qaraşova məxsus olub. Hazırda bu nömrə rəsmi olaraq Mars-FK LTD şirkətinin adınadır. Şirkətin sahibi isə Fərhad Qaraşovdur.
 
Qəza zamanı sükan arxasında olan sürücünün kimliyi isə hələ ki, açıqlanmayıb.
 
Qeyd edək ki, Qaraşovun oğlu bir müddət əvvəl “Kapital Bank”ın Nəsimi filialının rəhbəri vəzifəsindən azad olunub, hətta onun ardınca filialın bütün əməkdaşları işdən çıxarılmışdı.
 
Keçmiş məmurun oğlu hazırda öz şəxsi bizneslərini idarə edir. Yeni fəaliyyət növü kimi nar satışı ilə də məşğul olurlar.
 
Adı dəfələrlə mətbuatda hallanan F.Qaraşov avtomobil həvəskarı kimi tanınır. Onun avtomobil kolleksiyasında xeyli bahalı maşınlar, o cümlədən “Bentley” “Rolls-Royce” və digər markalar yer tutur.
 
Xatırladaq ki, bu gün saat 11.25 radələrində Bakıda daha bir hadisəsi baş verib.
 
Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 ünvanının qarşısında "Jeep" markalə, 90 AA 707 dövlət nömrə nişanlı avtomobil yolu keçən piyadanı vurub. Hadisə piyada keçidinin üstündə baş verib. Yolu keçməkdə olan 20 yaşlı qız həmin avtomobil tərəfindən yolun əks tərəfində, keçidin üstündə vurulub. Zərbənin təsirindən 10 metr irəli düşən piyada başından ağır xəsarət alıb, hadisə yerində olan vətəndaşların köməyi ilə sürücü yaralını maşına qoyaraq xəstəxanaya aparıb. 
 
Şahidlər bildirir ki, 20 nömrəli məktəb tərəfdən yüksək sürətlə gələn "Jeep"in sürücüsü keçiddə yolu keçən piyadaya yol verən maşınların dayandığını gördükdə maşını dayandıra bilməyib. Qarşıdakı maşınla düzgün ara məsafəsi saxlamayan sürücü toqquşmadan yayınmaq üçün qarşı yola çıxıb. Bu zaman keçiddə olan qızı vurub.
 
RePost.Az

Baxış sayı: 2725 | Tarix: 17.10.2017
Bizi Telegramda izləyin: @repostaz