Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Səlifov Nadir Nəriman oğlunun azadlığa buraxılması ilə bağlı xəbər əsl şok effekti yaradıb.
 
RePost.Az Yenicag.az-a istinadən xəbər verir ki, “qanuni oğru”nun birdən-birə azadlığa çıxması və ya çıxarılması müəyyən suallar da yaradır.
 
Məsələ burasındadır ki, onun cəzasının müddəti 2020-ci ildə, fevralın 3-də başa çatacaqdı.
 
O, indiyədək əfv olunması ilə bağlı aidiyyatı qurumlara müraciət etməyi də özünə sığışdırmayıb. Görünür, Səlifov kriminal aləmin qanunlarına zidd olduğunu üçün belə bir addım atmayıb. Lakin, oğlundan fərqli olaraq “Lotu Quli”nin anası bir neçə dəfə əfv üçün müraciətlər edib. Amma ananın müraciətləri hər dəfə cavabsız qalıb.
 
Maraq üçün onu da qeyd edək ki, Nadir Səlifov 2005-ci ildə hakim Abdinbəyov Abid Kamil oğlunun qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
 
O, həmin vaxt aşağıdakı maddələrlə təqsirli bilinib:
 
Maddə 182. Hədə‐qorxu ilə tələb etmə
 
182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
 
182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;
 
Maddə 149. Zorlama
 
149.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
 
149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma
hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə;
 
149.2.5. təkrar törədildikdə—
 
Maddə 317. Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalırının normal fəaliyyətini pozma
 
317‐2.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs
tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması
və ya istifadəsi ‐
 
“Lotu Quli” 2011-ci ilin iyun ayının 4-də də “317.2.1” -lə 4 il 5 ay müddətinə cəzalandırılıb.
 
Məsələ burasındadır ki, həbsdə qalmaq “Lotu Quli”nin marağına uyğun idi. İlk dəfə həbs olunan zaman verilən cəzanın ayrı-ayrı maddələrlə uzadılması da məhz onun istəyi ilə idi. Əsasən, Rövşən Lənkəranskiyə görə, çıxmaq istəmədiyi bildirilirdi. Tərəflər arasında soyuq müharibəni getdiyi də heç kimdə şübhə doğurmurdu.
 
İş burasındadır ki, Lənkəranski 2013-cü ildə gürcü və kürd cinayət qruplaşmalarının lideri, ölkənin kriminal aləminin kralı adlandırılan Aslan Usoyanın (Ded Xasan) qətlinin sifarişçisi hesab olunurdu. Aydındır ki, Usoyanın adamları onun ölümünə görə intiqam almaq istəyirdilər. İntiqam almaq istəyənlər arasında adı ön sırada çəkilən şəxslərdən biri isə məhz “Lotu Quli” idi. Lakin, maraqlıdır ki, Lənkəranski İstanbulda qətlə yetirilən zaman Nadir Səlifov onun ölümündən təəssüfləndiyini bildirib və buna görə məsuliyyət daşımadığını söyləyib.
 
İndi isə “Lotu Quli”nin artıq Gürcüstanda olması ilə bağlı xəbərlər dolaşır. Digər mənbələr isə onun Bakıdakı 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüldüyünü bildirilir. Bu isə kriminal avtoritetlər üçün azadlığa çıxmağa bərabərdir. Belə ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinin yaxınlığındakı evlərin birində də qanunla yaşamağa icazə verilir. Görünür, “Lotu Quli” cəzasının bitməsinə 3 il qalmış məhz bu şərtlə “azadlığa buraxılıb”.
 
Qeyd edək ki, 45 yaşlı Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda anadan olub. O, 2000-ci ildə, hələ 27 yaşı olanda “taclandırılıb”.
 
Xatırladaq ki, oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən iclasda "Lotu Quli" ləqəbi ilə tanınan N. Səlifovun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədə vəsatətə baxılıb.
 
N. Səlifov iclasda iştirak etməyib. Qapalı keçirilən prosesdə vəsatət təmin edilib.
 
Onun qalan cəzası şərti cəza ilə əvəzlənib. N. Səlifov bu gün saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb.
 
Onun vəkilləri, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət tərəfindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
 
RePost.Az

Baxış sayı: 2573 | Tarix: 24.10.2017
Bizi Telegramda izləyin: @repostaz