Lider TV-nin "Səda" xəbərlər buraxılışında Binəqədi rayon icra hakimiyyəti tənqid olunub.
 
RePost.Az-ın məlumatına görə, süjetdə göstərilir ki, hazırda təmir tikinti işləri gedən Binəqədi şossesində dayanacaq satılıb, yerində isə yeni bina tikilir.
 
Məlumata görə, yol hələ tam hazır olmasa da, burada yeni bir obyekt tikilir. Maraqlıdır ki, düz piyada keçidinin yanında, özü də bundan əvvəl avtobus dayanacağı olmuş yerdə tikilən obyekt hətta yolun hərəkət hissəsinə də çıxıb. Həmçinin vaxtilə səki ilə yolun hərəkət hissənin arasında olan yaşıllıq zolağında tikilən bu obyekt tam olaraq maneə yaradır.
 
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bəzi adamlar elə düşünürlər ki, yerli icra hakimiyyəti orqanından icazə almaqla həyata keçirdikləri tikinti tam qanunidir: "Ölkəmizdə tikinti və şəhəralma normaları var. Həmin normalarda tam aydın şəkildə yazılıb ki, bütün tikililər şəhərin planına, yol-nəqliyyat infrastrukturuna uyğun olmalı, insanların rahatlığını, fasiləsiz, təhlükəsiz hərəkt şəraitini pozmamalıdır. Amma obyekt həm səkini, həm də yolun hərəkət hissəsini tutursa və yaşıllıq ərazisində tikilirsə gələcəkdə tıxac mənbəyinə çevriləcək. Çünki onun nə ön hissəsində, nə də arxasında avtomobillər üçün parklanma yeri yaratmaq mümkün deyil. Ona görə də həmin obyektə gələn insanlar öz avtomobillərini ya yolun hərəkət hissəsində, ya da arxada - səkidə parklamalı olacaqlar. Bu isə Binəqədi yolunda yeni tıxac mənbəyinə çevriləcək. Bu səbəbdən də belə tikintilərin qarşısı dərhal alınmalı, buna icazə verən və tikintini həyata keçirən şəxslər isə qanunvericiliyin tələblərinə uyğun olaraq cəzalanmalıdır ki, digər belə fikirdə olanlara da dərs olsun”.
 
Süjetdə həmçinin qeyd olunub ki, bu obyekt şəhərsalma və tikinti məcəlləsinə ziddir. Aparıcı isə deyib ki, maraqlıdır ki, bu qədər problem yaradan obyektin hüquqi sənədləri də var.
 
Qeyd edək ki, rayon icra hakimiyyətinin başçısı keçmiş Vergilər Naziri Fazil Məmmədovun yaxın qohumu Xaləddin İskəndərov mətbuatda ən çox tənqid olunan icra başçılarındandır. 
 
Həmin süjeti təqdim edirik:
 
RePost.Az


Baxış sayı: 2117 | Tarix: 26.12.2017
Bizi Telegramda izləyin: @repostaz