Son 5 illə müqayisədə 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayında artım müşahidə edilib.
 
Bu barədə RePosat.Az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata əsasən, 2016-cı illə müqayisədə 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir.
 
Onlardan 853 082 nəfəri Rusiya Federasiyası, 537 710-u Gürcüstan, 362 597-si İran, 301 553-i Türkiyə, 102 360-ı Birləşmiş Ərəb Əmirlikləri, 62 454-ü İraq, 57 756-sı Ukrayna, 33 273-ü Səudiyyə Ərəbistanı, 381 213-ü isə digər ölkələrin vətəndaşları olub. Xarici vətəndaşlar daha çox iyul ayında gəlib, bu da 313 515 nəfər olub.
 
Ötən il ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,6 faiz, 19.9 faiz, 13.4 faiz, 11.2 faiz və 3.8 faiz təşkil edib. 
 
2017-ci ildə əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya və Səudiyyə Ərəbistanı olub.
 
2016-cı illə müqayisədə 2017-ci ildə Səudiyyə Ərəbistanından 4.5 dəfə, Omandan 7.4 dəfə, BƏƏ-dən 1.9 dəfə, İrandan 1.4 dəfə, Hindistandan 2.3 dəfə çox xarici vətəndaş gəlib. Lakin Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilib, ancaq Avropa, Körfəz və Yaxın Şərq, Asiya, Afrika, Amerika regionu üzrə gələnlərin sayında artım olub.
 
O cümlədən ölkəmizə səfər edən turistlər arasında 2 nəfər Şimali Koreya vətəndaşı da olub. 
 
Bundan başqa ölkəmizə təşrif gətirənlər arasında Ermənistan vətəndaşları da var. Belə ki, il ərzində Ermənistandan Azərbaycana 6 nəfər səfər edib.
 
Bundan başqa, keçmiş SSRİ-nin pasportu ilə Azərbaycana 3 nəfər gəlib.
 
Həmçinin keçən il Azərbaycana səfər edən turistlər arasında Azərbaycana Dominikan Respublikası, Vatikan, Botsvana, Liberiya, Yuqoslaviya, Bahama, Svazilend, Antiqua və Barbuda, Saint Lucia, San Tome və Prinsipe, Terks və Kaikos, Malavi, Monako, Amerika Samoası, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Tuvalu, Kabo-Verde, Kiribati, Lesoto, Papua Yeni Qvineya, Saint-Vinsent və Qrenadin dövlətlərinin vətəndaşları da var.
 
RePosat.Az
 

Baxış sayı: 286