Azərbaycanın 8 bankının - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə yaradılmış ölkənin ilk özəl kredit bürosu - “Azərbaycan Kredit Bürosu” MMC fəaliyyətə başlayıb.
 
Bu barədə RePost.Az-a Azərbaycan Banklar Assosiasiyasına istinadən xəbər verir.
 
Məlumata görə, hazırda qurumun maddi-texniki bazasının formalaşdırılması və strategiyasının hazırlanması istiqamətində işlər aparılır. Büro kredit təşkilatları ilə müqavilələr imzalayır.
 
"Azərbaycan Kredit Bürosu"na baş direktor Elçin Həbibov təyin edilib.
 
Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edəcək. Onun mərkəzi ofisi “World business center” iş mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 43 ünvanında) yerləşir.
 
RePost.Az

Baxış sayı: 685