Bir az uzaqdan başlayım. Sonra dönərik mətləb üstünə. Birinci dəfə atamla Bakıya gələndə 11 yaşım vardı. Qayıdanda “İkarus”da boş yer olmadı. Onda yollar indiki kimi rahat deyildi. Nəqliyyat imkanları da yox idi. O vaxt sürücülər belə durumlarda kresloların arasına yumşaq taxta parçası qoyurdular. Deyəsən adına da “tapçan” deyirdilər. Yer yoxdu, amma getmək istəyirsən, əyləş və get. Biz də belə qayıtmalı olduq. Buna şükür, hələ o uzunluqda yolu ayaq üstə gedənlər vardı. Ömründə birinci dəfə “İkarus”a minəsən, yanında rahat kreslolarda adamlar əyləşə, sənsə tapçanın üstündə. Nəsə kədərli hekayətdir. 
 
Amma təxminən Hacıqabula çatanda Allah təbarak təala hekayətin bu yerinə çox gözəl bir düzəliş elədi. Böyrümdə sovet ölçü standartlarına uyğun bir xanım əyləşmişdi. Ayağının altında da özü kimi iri çantası. Bunun yanındakı adam düşdü. Dedim, aha nə yaxşı, bu pəncərənin yanına keçər, mən onun yerinə keçərəm, ayaq üstə duranlardan biri də əyləşər mənim yerimdə. Qadın pəncərənin yanına keçdi keçməsinə, amma yanındakı yerdə də çantasını oturtdu. Yanında boş və rahat kreslo, ürəyində orada əyləşmək arzusu. Amma arada dağ kimi böyük bir çanta. 
 
Mopassan “Gonbul” hekayəsində buna deyir “Tantal əzabı”. 
 
Uşaq vaxtı adam bir az cəsarətli olur. Bir-iki dəqiqə ötdü, dayana bilmədim. Dedim xala, arxada ayaq üstə olanlar var. Çantanı götür, qoy mən keçim ora, mənim yerimdə də biri əyləşsin. Arvad üzümə acıqlı-acıqlı baxsa da, insafən çantanı götürdü və mən özümü bayaqdan manşırladığım yerə atdım. Yaxınlıqda ayaq üstə dayanmış, orta yaşlı, arıq bir kişi də tapçanın üstündə əyləşib nəfəsini dərdi. Bu yaxşılığın əvəzini necəsə çıxmaqdan ötrü başımı sığalladı. Dedi bala, deyəsən səndən adam olacaq. Özü də lap belə böyüyündən ey! 
 
Düzdür, sonra elə böyük bir adam olmadım. Amma böyüyəndən sonra onu anladım ki, avtobusda, metroda başqalarının - ələlxüsus yaşlının, qadının, qızın əyləşməsi üçün imkan daxilində şərait yaratmaq milli mentalitetimizin ən gözəl cəhətlərindəndir. 
 
Nə qədər qloballaşma baş versə də, bu cür gözəllikləri itirməməliyik. Qloballaşma qarşılıqlı mənimsəmə mühiti deyilmi?! Qoy xaric də bunu bizdən öyrənsin. 
 
Kim deyir ki, başqa ölkələrdə bir-birinə yer vermirlər. Yaxud kiməsə yer verəndə adamı söyürlər?! Vallah ki, elə deyil, billah ki, elə deyil. İnsanlar onlara göstərilən qayğıkeş münasibətdən hər yerdə məmnun olurlar. Sən öz rahatlığını başqası ilə bölüşürsən. Öz rahatlığını başqasına güzəştə gedirsən. Bir insan və toplum üçün bundan gözəl nə keyfiyyət ola bilər?! 
 
Avtobusda özünü geri zəkalı kimi aparan o oğlanın hərəkətləri bizim gəncliyimiz üçün xarakterik deyil. İctimai nəqliyyatda, hamı da olmasa, əksəriyyət, milli dəyərlərə uyğun davranır. 
 
Amma dəlilərə, əxlaq və mədəniyyət problemi olanlara hər yerdə rast gəlmək mümkündür. Belə sərnişinlər də var, sürücülər də. Hələ piyadalar da. Onlara münasibətdə mümkün qədər anlayışlı olmaq lazımdır ki, başın bəla çəkməsin. 
Psixologiyada rol gözləmələri deyilən anlayış var. Əgər bir insan öz rol gözləntilərini yerinə yetirmirsə və bunu bir neçə halda təkrarlayırsa, ya həmin topluma yad bir adamdır, məsələn, deyək ki, hər addımda mədəniyyət şoku yaşayan əcnəbi turistdir, ya da müəyyən ruhi çatışmazlıqları var. Tərbiyəsizlik də bir ruhi çatışmazlıqdır. 
 
Məlum videodan o oğlanın öz hərəkətləri ilə rol gözləmələrini bir neçə dəfə pozduğu görünür: başının üstündəki qadına yer vermir, ayağını yana uzadır, əl-ayaqla danışıb sərhədi keçir, sonra da qadına, qocaya şillə atır. 
Deməli, beləsinə heç əvvəldən baş qoşmağa dəyməz ki, iş bura qədər gəlməsin. 
 
Füzulu belə yerdə deyirdi ki, “Əhli-kəmalə cahil əgər qədr qılmasa, Məzuridi, məlamətin etmək rəva deyil”. Yəni, əgər bir cahil, cahillik göstərirsə, çox da üstünə getməyin. Çox da şey eləməyin. Adam mahiyyətini sərgiləyir. 
Qadınsa bunu oğlanın halından anlamayıb isterikaya qapılmaqla, onu davaya çəkməklə mədəni bir qadından tələb olunan öz rol gözləməsini pozur. Avtobusdakı digərləri, təhqir olunmuş qadına qəhmər çıxan ikinci qadın, ağsaqqallar, xüsusilə oğlana iki “düdəmeyi-hindiyə” (yumruq) tutuzduran dayı, vaxtında özünü yetirən polis isə öz rollarını uğurla yerinə yetirirlər. Həm milli, həm hüquqi dəyərlərimizi qoruyurlar. 
 
Amma bütün bunlar baş verməyə də bilərdi. Bundan ötrü qadının ya özünün ayağını geri çəkməsi, ya da həmin geri zəkalıdan vaxtında üzünü çevirib mübahisəni dayandırması yetərdi. 
 
Gicbəsərlik, tərbiyəsizlik, əxlaqsızlıq edənlərə qarşı ən düzgün davranış da elə onları görməzdən gəlməkdir, dışlamaqdır. 
 
Üz çevirib, mümkün qədər kənar durub, baş qoşmamaqdır.
 
Yadigar CƏFƏRLİ
RePost.Az

Baxış sayı: 2801 | Tarix: 30.03.2018
Bizi Telegramda izləyin: @repostaz