Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhəri Tuğ zavod qəsəbəsi ərazisindəki fərdi yaşayış evlərində formalaşan çirkab sularının birbaşa Samur-Abşeron magistral kanalına axıdılması faktı aşkar edilib.
 
Araşdırma zamanı çirkab suların sözügedən ərazidə fərdi yaşayış evlərinin sakinləri Dilqəm Vəliyev və Famil Rüstəmov tərəfindən axıdıldığı məlum olub.
 
Faktla bağlı protokollar tərtib olunub və təqsirkar şəxslərin hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxs qismində 600 manat məbləğində cərimə edilib. Çirkab suların kanala axıdılmaması məqsədilə ərazidə “şambo”ların tikilməsi üçün qanun pozucularına icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
 
RePost.Az

Baxış sayı: 2421 | Tarix: 11.05.2018
Bizi Telegramda izləyin: @repostaz