Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər Ermənistanla sərhəddə, Çinari kəndi istiqamətində gedən döyüşlər barədə nəhayət rəsmi məlumat yayıb. 
 
Nazirlikdən RePost.Az-a verilən məlumata görə, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
 
Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
 
Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.
 
Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir.
 
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun bir əsgərinin cəsədinin onların nəzarətində olan ərazidə qaldığını iddia edir.
 
Düşmənin isə iki əsgər və bir zabit itirdiyi bildirilir.
 
RePost.Az

Baxış sayı: 141 | Tarix: 29.12.2016
Bizi Telegramda izləyin: @repostaz