Ermənistanda Dağlıq Qarabağ danışıqlarının detalları ətrafında mübahisə davam edir.
 
RePost.az-ın məlimatına görə, Publika.az xəbər verir ki, Ermənistan prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan qurultayda çıxışında ərazilərin Azərbaycana qaytarılmasının ən yaxşı variant olduğunu açıqladı.
 
Onun fikrincə, nə qədər gec deyil, Ermənistan bu addımı atmalı və münaqişə həll olunmalıdır.
 
"Növbəti mərhələdə nəticələr Ermənistan üçün daha ağır ola bilər", - deyə o bildirdi.
 
Ermənistanın birinci prezidenti hesab edir ki, münaqişənin həlli, ərazilərin qaytarılması ölkənin gələcəyi və təhlükəsizliyi baxımından vacibdir.
 
Lakin onun bu fikri sərt reaksiya ilə qarşılandı. Xüsusilə hakim Respublika Partiyası Petrosyanı "xəyanət"də ittiham etməyə başladı.
 
Bu ittihamlara cavab verən Petrosyan daha açıq hücuma keçərək, hazırda münaqişənin həlli üçün aparılan danışıqların detallarını açıqladı.
 
5 rayon qaytarılır, Qarabağ... - Ter-Petrosyan hirslənib SİRLƏRİ AÇDI
 
Məni xəyanətdə ittiham edənlər əslində özlərini ittiham edirlər.
 
Petrosyan bildirdi ki, onun Dağlıq Qarabağla bağlı dediyi məsələ hazırda prezident Serj Sarkisyanın apardığı danışıqlarda masanın üzərindəki mərhələli həll variantıdır.
 
"Birinci mərhələdə Ermənistan Kəlbəcər və Laçından başqa, yerdə qalan beş rayonu Azərbaycana qaytarır. İkinci mərhələdə Qarabağa sülhməramlılar yerləşdirilir. Üçüncü mərhələdə Qarabağın aralıq statusu müəyyən edilir. Dördüncü mərhələdə Ermənistanın blokadası aradan götürülür, Türkiyə ilə sərhəd açılır, Azərbaycanla kommunikasiyalar qurulur. Beşinci mərhələdə Qarabağın son statusu həll olunur. Altıncı mərhələdə Laçın dəhlizindən başqa, yerdə qalan iki rayon da Azərbaycana qaytarılır. 2007-ci ildən indiyə qədər Ermənistan hakimiyyəti bu variantlar üzərində aparılan danışıqlarda iştirak edir", - deyə o bildirdi.
 
Petrosyanın bu açıqlamasından sonra Ermənistan prezidenti Serj Sarkisyan da məsələyə münasibətini açıqlayıb.
 
Ermənistan Xarici İşlər Nazirliyinin Yeni il bayramı münasibəti ilə keçirdiyi qəbulda çıxış edən Serj Sarkisyan "Ermənistanın bir hədəfi var. Dağlıq Qarabağın son statusunun təyin edilməsi. Bizim bununla bağlı mövqeyimiz aydındır. Ekspertlər, müxtəlif siyasətçilər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müxtəlif variantlar səsləndirilir. Amma açıq şəkildə bildirirəm ki, indiyə qədər heç kim uzun müddətdir müzakirə olunan variantların detallarını dəqiq bilməyib", - deyə vurğulayıb.
 
O, bununla həm də Petrosyana cavab vermiş oldu.
 
RePost.az
 
Baxış sayı: 185