Bakıda yol polisləri motosiklet sürücüsünü döyüblər.
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb. Videodan da göründüyü kimi yol polisləri motosikleti təqib ediblər və çətinliklə də olsa sürücünü tuta biliblər.
 
Daha sonra yol polisləri motosiklet sürücüsünü döyürlər. 
 
Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib ki, həmin videonu görməyib.
 
“Açığını deyim ki, həmin videonu görməmişəm. Ola bilsin həmin video 6-7 ilin görüntüsüdür. Yəni video çoxdan çəkilmiş ola bilər. Bu araşdırmalardan sonra məlum olacaq”, - deyə V.Əsədov bildirib.
 
Qurum rəsmisi deyir ki, istənilən halda yol polisi ilə bağlı görüntülər yayılan zaman araşdırmalar aparılır:
 
“Mətbuatda yazılıb-yazılmamasından asılı olmayaraq, yol polisi və onun fəaliyyətilə bağlı video yayılırsa, bu mütləq araşdırılır. Bu görüntülərdə polisin vətəndaşı döyməsinin necə şahidi olursunursa, polisə göstərilən müqavimət də elə cavabsız qalmır. Yol polisi ona müqavimət göstərən şəxsi tərk-silah etməyə çalışır. Əgər sürücünün əlində bıçaq varsa, onu almağa çalışır. Sürücü yol polisinə tabe olmursa, onu tabeçiliyə dəvət edir. Lakin görüntülərdə elə düşür ki, sanki yol polisi sürücünü döyür. Yol polisi ona müqavimət göstərən, haqlı tələblərini yerinə yetirməyən şəxsə qarşı qanunda nəzərdə tutulan tələblər üzrə hərəkət edir. Təbii ki, yol polisinə tabe olan, ona əl qaldırmayan şəxsi döyə bilməz və döymür də”, - deyə yol polisi bildirib.
 
V.Əsədov vurğulayıb ki, araşdırmalar zamanı yol polisinin günahı sübuta yetirilərsə, həmin şəxs mütləq cəzalandırılır:
 
“Tam məsuliyyətimlə deyirəm ki, əgər belə hallar araşdırılarkən, yol polisinin vəzifə səlahiyyətlərini aşması halları aşkar edilirsə, həmin əməkdaş mütləq cəzalandırılır. Həmin polis töhmət ala, vəzifədən çıxarıla, aşağı vəzifəyə keçirilə və hətta sistemdən qovula bilər. Həmin polisin nə kimi cəza alması isə onun rəhbərlik etdiyi ərazi üzrə rəhbərliyin təqdimatından asılıdır. Araşdırılarkən hansı nüanslar üzə çıxırsa, bu yol polisi haqqında görüləcək tədbirlərə əsas verir”.
 
RePost.Az


Baxış sayı: 2626