Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı- Qazax əsas magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayon ərazisində qeydə alınıb.
 
Tural Fərman oğlu Süleymanovun idarə etdiyi, Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus "Ford" markalı təcili tibbi yardım maşını ilə Qalib Hüseyn oğlu Hüseynovun idarə etdiyi "KamAZ" markalı yük maşını toqquşub.
 
Nəticədə "Ford" markalı maşında olan sərnişin-Ucar rayon sakini, 1963-cü il təvəllüdlü Şəhla Sabir qızı Əzizova hadisə yerində ölüb. Sürücü T. Süleymanov və digər sərnişinlər - Xəyalə Zabit qızı Mehdiyeva və tibb bacısı Validə Yunis qızı Xəlilova müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Tibb bacısı xəstəxanada vəfat edib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
 
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Nazirlikdən RePost.Az-a verilən məlumata görə, Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının “Qazel” markalı avtomobili ilə vətəndaşa məxsus “KamAZ” markalı yük avtomobili toqquşub və yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Yanğın nəticəsində “Qazel” markalı avtomobilin yanar hissələri yanıb. “KamAZ” markalı yük avtomobili yanğından mühafizə olunub.
 
RePost.Az

Baxış sayı: 2915 | Tarix: 03.01.2017
Bizi Telegramda izləyin: @repostaz