"Gəncədə törədilən qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilən cinayətlərdir. Bu terror aktları nəticəsində iki polis əməkdaşı həlak olub. Yaralanan vətəndaşlarımız da var. Onların arasında Gəncə şəhərinin icra hakimiyyətinin başçısı da var. Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara Allahdan şəfa diləyirik".
 
RePost.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.
 
Dövlət başçısı qeyd edib ki, bu cinayəti törədən terrorçu qruplaşma sabitliyi pozmaq istəyir: "Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədi ilə bu qanlı terror aktları törədilib.
 
Bu terror aktları dini şuarlar altında törədilib. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh və mərhəmət dinidir.
 
Azərbaycan dövləti və xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir". 
 
İlham Əliyev deyib ki, gündən-günə bizim gücümüz artır, potensialımız güclənir. "Bizim uğurlarımıza kölgə salmaq istəyən qüvvələr müxtəlif üsullardan istifadə edir. Bizə qarşı çirkin kampaniyalar aparılır. Yalan, qarayaxma, iftira üzərində qurulan kampaniyaların heç bir səmərəsi olmayacaq. Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır. Çünki Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Sonuncu prezident seçkiləri də bunu bir daha əyani şəkildə sübut etdi".
 
"Bizə qarşı xarici mərkəzlərdən idarə olunan media qurumları vasitəsilə qaralama kampaniyaları aparılır. Bunun da səmərəsi olmayacaq. Xarici əlaqələrimiz genişlənir. Azərbaycan dünya miqyasında çox böyük hörmətə malikdir. Bu cəhdlər əbəsdir. Bizim siyasətimizə, iradəmizə şər qüvvələr təsir edə bilmir. Onların əlində terrordan başqa heç nə qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəllər də keçməyib. Azərbaycan öz gücünü göstərir və bundan sonra da göstərəcək.
 
Cinayətkarların hamısı məsuliyyətə cəlb olunacaq və məhkəmə, xalq, ədalət qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün kifayət qədər gücümüz var.
 
Cinayətkarların bir hissəsi artıq saxlanılıb. Operativ əməliyyat-axtarış tədbirləri davam etdiriləcək. Tam əminliklə deyə bilərəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycan bundan sonra inkişaf, tərəqqi yolu ilə gedəcək. Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik", - dövlət başçısı əlavə edib.
 
RePost.Az

Baxış sayı: 2649 | Tarix: 13.07.2018
Bizi Telegramda izləyin: @repostaz