Bu gün Bakıda özünü körpüdən atmaq istəyən şəxsi Azərbaycanın baş naziri Novruz Məmmədov xilas edib.
 
RePost.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə səhər saatlarında paytaxtın Sabunçu rayonunda baş verib. Bir nəfər şəxs ''Koroğlu'' qovşağındakı asma körpüdən özünü ataraq intihar etmək istəyib. Hadisə ilə bağlı körpüyə gedən yollarda nəqliyyatın hərəkəti dayandırılıb.
 
Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumların əməkdaşları hadisə yerinə cəlb olunub. Yollar bağlı olduğu üçün Heydər Əliyev Beynəlxalq Aeroportundan gələn avtomobillər Zığ istiqamətinə yönəldilib.
 
Baş nazir Novruz Məmmədov səhər işə gələrkən onun olduğu avtomobil də Zığ istiqaməti ilə hərəkət edib. Ancaq baş nazir telefonla məlumat alıb ki, körpüdən özünü ataraq intihar etmək istəyən şəxs var. Baş nazir hadisə yerinə getmək barədə göstəriş verib və xidməti avtomobil yolunu dəyişərək hadisə yerinə gedib.
 
Məlum olub ki, Tovuz sakini 49 yaşlı Yaşar Əhmədov ailə münaqişəsi zəminində intihar etmək üçün körpünün üzərinə çıxıb. Baş nazir həmin şəxslə telefon əlaqəsi yaradıb. Novruz Məmmədov bir müddət həmin şəxslə telefonla danışıb, problemi ilə maraqlanıb. Baş nazir onu əmin edib ki, müvafiq qurumlar tərəfindən problemi araşdırılaraq lazımi köməklik ediləcək, intihar etmək niyyətindən daşınsın.
 
Yaşar Əhmədov fikrindən daşınaraq təhlükəsizlik qaydalarına əməl edilməklə aşağı endirilib. O, baş nazirə bildirib ki, iki övladı var, anası onları harasa aparıb, tapa bilmir, buna görə də intihar etmək istəyir. Məsələ araşdırma tələb etdiyi üçün baş nazir onu Nazirlər Kabinetinə dəvət edib.
 
Novruz Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göstəriş verib ki, Yaşar Əhmədovun problemi araşdırılsın, övladlarının harada olduğu öyrənilsin. Hazırda Komitədə araşdırma davam edir. Biz də Yaşar Əhmədovla əlaqə saxladıq. O, ''Xəzər Xəbər''ə bildirdi ki, yaşadığı Tovuz rayonuna gedir və icra başçsı ilə görüşəcək.
 
RePost.Az


Baxış sayı: 2174 | Tarix: 30.07.2018
Bizi Telegramda izləyin: @repostaz