Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində sentyabrın 11-də vətəndaşların növbəti qəbulu keçirilərkən xoşagəlməz hadisə baş verib.
 
Komitədən RePost.Az-a verilən məlumata görə, qəbula gəlmiş Ağdam rayon sakini Ağayev Yaşar Bəkir oğlu məcburi köçkün kimi ona da mənzil verilməsi barədə tələbinin yerinə yetirilməməsini bəhanə gətirərək, idarə etdiyi “Mercedes” markalı avtomobillə Tibilisi prospektinin Dövlət Komitəsinin qarşısından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətini dayandırmağa cəhd göstərib.
 
Nəticədə prospektdə tıxac yaranıb. Hadisə yerində olan polis əməkdaşları və Dövlət Komitəsi işçiləri qayda pozuntusnun qarşısını almaq məqsədilə təcili tədbirlər görüb, avtomobili yolun hərəkət hissəsindən kənara çəkiblər.
 
Vətəndaş Ağayev Yaşar Bəkir oğlu yenidən Komitəyə dəvət olunub, ona mənzil tələbinin indiki mərhələdə həlli üçün qanuni əsasların olmadığı bir daha izah edilib.
 
Bundan sonra Y.Ağayev ictimai asayişin pozulmasına səbəb olan hərəkətə yol verdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun barəsində mövcud qanunvericiliyə uyğun hüquqi tədbirlər görüləcək.
 
RePost.Az

Baxış sayı: 694