Bakının Badamdar qəsəbəsindəki sürüşmə zonasından hər gün, bəzən hər saat həyəcanlı xəbərlər gəlir. Artıq bu ərazidəki sürüşmə sahəsində çatlar artıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaratdığı qərargahın oktyabrın 22-si saat 09:00-a olan məlumatında bildirilir.
 
“Monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsinin üzərində çoxlu sayda yeni çatlar müşahidə edilir. Sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir. Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb”, – məlumatda yazılıb.
 
Xatırladaq ki, Badamdar, 20-ci Sahə adlı ərazidə (Bayıl qəsəbəsi) 2013-cü ildə də sürüşmə baş verib. Həmin vaxt ərazidə qrunt sularının çəkilməsindən ötrü 7 quyu qazılıb. Bu ərazidə son dönəmlər isə ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisindən çıxarılıb, kommunal xidmətlər kəsilib.
 
Bundan başqa, son günlər Bayıl ərazisində başqa yerlərdə, Zığ qəsəbəsində və Bakının mərkəzində də sürüşmə halları baş verib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 2018-ci ilin avqustunda Bakının 8 rayonunda 23 sürüşmə zonası qeydə alınıb. Ümumilikdə ölkə üzrə sürüşmə ocaqlarının sayı 99-dur. Son iki ildə sürüşmə ocaqları 2 dəfə artıb. Belə ki, 2016-cı ildə nazirliyin geoloji planlama ekspedisiyasının rəsmisi Sadiq Əmiraslanov deyib ki, 2016-cı ilin əvvəlində sürüşmə zonaları 50 olub.
 
Baş nazirin müavini Hacıbala Abutalıbov bu günlərdə mediaya deyir ki, Badamdar şosesində sürüşmə ərazisi aktivdir. Ərazidə Yaponiyadan dəvət olunmuş ekspertlər araşdırma aparırlar.
 
Landşaftşünas Şəbnəm Karslı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, əslində hazırda yapon mütəxəssislərin rəyini və işləmə mexanizmini gözləyir. Onun fikrincə, indiki halda dəyişən bir şey yoxdur: “Növbəti yağıntı prosesi sürətləndirəcək, paralel olaraq sürüşmə nəticəsində uçqunlar davam edəcək. Gözlə görünən bir işə başlamayıblar”.
 
Müsahibimizin sözlərinə görə, hələ keçən əsrin əvvəllərində Bayilda öncə zoopark sürüşdü və heyvanlar şəhərə qaçdılar. Ş.Karslı xatırladıb ki, həmin vaxt şəhərdən heyvanları toplayıb zooparkın yerini dəyişdirdilər və köhnə zooparkın yerində yaşayış evləri tikildi:
 
“Amma intensiv sürüşmələr – yeni uçqun təhlükəsi hesab ediləcək dərəcədə 2010-cu ildən anlaşıldı. Həm urbanizasiya, plansız tikililər, qrunt sularının səviyyəsinin artması, həm də kanalizasiya sistemlərinin yenidən qurulmaması prosesi sürətləndirdi. Kanalizasiya xətlərinin olmaması sürüşməni yaradan səbəblərdən biridir. Ortada geoloji amillər də var, hidroloji problemlər də”.
 
Ş.Karslı AzadlıqRadiosu-na açıqlamasında isə 2015-ci ildə o vaxtkı baş nazir Artur Rasizadənin sərəncamı ilə hazırlanan Bakının yeraltı qrunt sularının xəritəsinə də toxunub. Deyib ki, paytaxtda inşaat işləri aparılarkən, bu işlərə rəy verilərkən, ekspertlərin xəbərdarlığını nəzərə alan olmayıb:
 
“2015-ci ildə hazırlanan bu xəritəyə baxanda biz başa düşürdük ki, qrunt suları hansı istiqamətdə axır. 2016-cı ildən bugünəcən müxtəlif sürüşmə zonalarında işlər gedir. Hələ də qrunt sularının istiqaməti dəyişdirilir. Mən özüm şahidi olmuşam ki, bir binanın bünövrəsi tökülən zaman qrunt suları nasosla sorulur. Artıq alimlərin də işi çətinləşir, mütəxəssis də iki gün öncə verdiyi qərara bu gün əmin ola bilmir. Bakı şəhəri bu gün sürüşür. Bu gün biz sürüşmə problemindən danışırıq. Bəlkə sabah, bəlkə 2 il, bəlkə də 10 il sonra bizim gündəmimiz “Bakı çökür” olacaq”.
 
RePost.Az

Baxış sayı: 84 | Tarix: 23.10.2018
Bizi Telegramda izləyin: @repostaz