Azərbaycanın tanınmış futbolçusu Faiq Cabbarov itkin düşüb. "Kəpəz"in sabiq müdafiəçisinin ailəsi ondan 3 gündür xəbər tuta bilmir.
 
Bəzi mənbələrdə onun dünyasını dəyişdiyi bildirilir. Lakin qardaşı Səttar Cabbarov "Report"a açıqlamasında F.Cabbarovun vəfatı barədə heç bir dəlilin olmadığını deyib: "Bu xəbəri azarkeşlərdən biri yayıb. Özüm də buna görə Gürcüstandan Gəncəyə qayıdıram. Amma nə həyat yoldaşı, nə də digər iki qardaşım Faiqin öldüyünə dair dəlil tapa bilməyiblər. Yazıblar ki, evində vəfat edib. Ölübsə, meyiti hardadır? Sonuncu dəfə 3-4 gün əvvəl ailəsinin yanında olub. Özüm də bir neçə gün əvvəl telefonla danışmışam. Ondan sonra qardaşımı görən olmayıb".
 
"Kəpəz" klubundan bildirilib ki, F.Cabbarovun itkin düşməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinə məlumat verilib. Eyni zamanda, son zamanlar yaşadığı yataqxanaya baxış keçirilib. İdarədən "Report"a bildirilib ki, F.Cabbarovun axtarışları davam etdirilir: "Cabbarovun son zamanlar yaşadığı yataqxanaya, həmçinin morq və xəstəxanalara baxış keçirilsə də, heç bir nəticə ortaya çıxmayıb. Hazırda onun ölümü ilə bağlı məlumatlar araşdırılır. Hələlik Faiq Cabbarov idarədə itkin kimi qeydiyyata salınıb".
 
Qeyd edək ki, Faiq Cabbarov müxtəlif illərdə "Kəpəz", "Avtomobilçi", "Neftçi", "Şəmkir" kimi komandaların formasını geyib. Sabiq müdafiəçi 1993-1998-ci illərdə Azərbaycan yığmasında da oynayıb. F.Cabbarov bu müddətdə 21 matça çıxıb və qol vurmayıb. Bundan əlavə, 1997-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. Məşqçi karyerasında isə son iş yeri 2010-2011 mövsümündə fəaliyyətini bərpa edən "Şəmkir" olub.
 
RePost.Az

Baxış sayı: 2581