Azərbaycanda ümumtəhsil müəssisələrinin I siniflərində kiçik summativ qiymətləndirmə (KSQ) və böyük summativ qiymətləndirmə (BSQ) ləğv olunub.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Kollegiyasında qərar qəbul edilib.
 
Belə ki, I sinifdə summativ qiymətləndirmə aparılmır. Kiçik summativ qiymətləndirmə II-XI siniflərdə bütün fənlər üzrə hər yarımildə üç dəfədən az, altı dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır. 
 
Hər bir fənn üzrə kiçik summativ qiymətləndirmə həmin fənnin tədris olunduğu bir dərs saatı ərzində aparılır. 
 
Böyük summativ qiymətləndirmə ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən hər yarımilin sonunda aşağıda sadalanan fənlər üzrə aparılır:
 
Ümumi təhsil müəssisələrinin IV, IX və XI siniflərində bütün fənlər üzrə;
 
Ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;
 
Lisey və gimnaziyaların V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum üç fənn üzrə;
 
Ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;
 
Ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum üç təmayül fənni üzrə;
 
Lisey və gimnaziyaların X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum üç fənn üzrə.
 
Ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün və tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində həmin təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum digər üç fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.
 
Hər bir fənn üzrə böyük summativ qiymətləndirmə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində aparılır.
 
II-III siniflərdə böyük summativ qiymətləndirmə keçirilmir.
 
Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür.
 
Summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları tərəfindən baxılır.
 
Yerli təhsili idarəetmə orqanlarının qərarları ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Təhsil Nazirliyi tərəfindən baxılır.
 
Xatırladaq ki, summativ qiymətləndirmənin ləğvi ibtidai siniflərdə dərs yükünün azaldılması məqsədilə nəzərdə tutulub.
 
RePost.Az

Baxış sayı: 2364 | Tarix: 03.01.2019
Bizi Telegramda izləyin: @repostaz