Fövqəladə Hallar Nazirliyi (FHN) fevralın 5-də ölkə ərazisində baş vermiş yeraltı təkanlar nəticəsində dəymiş ziyanla bağlı araşdırmalara başlayıb.

RePost.Az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, aparılan araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

"AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Qeyd olunan ərazilərdə zəlzələ nəticəsində dəymiş ziyan araşdırılır. Əlavə Məlumat veriləcək", - deyə məlumatda bildirilir.

Daha əvvəl, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.

ETSN-in məlumatına görə, yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.

Zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib.  Yeraltı təkanlar nəticəsində fərdi evlərdə çatlar baş verib. Bəzi əlavə tikililərin divarları və hasarlar dağılıb.

Yeraltı təkan ən çox rayonun Qaybuğurt, Qızmeydan, Dədə Günəş, Çağan və Nağaraxana kəndləri zərər görüb.

Təhsil Nazirliyi isə ötən gecə Şamaxıda baş verən zəlzələnin məktəblərə vurduğu ziyanla bağlı məlumat yayıb.  Bildirilir ki, zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib.

Bundan başqa, Şamaxı Astrofizika Rəsədxanasının bəzi yerlərində üz daşlarında çatlar əmələ gəlib, bir-iki daş qopub.

Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat yayıb.

O bildirib ki, bu hal rəsədxanada ciddi dəyşikliyə səbəb olmayıb: "Güclü zəlzələ idi, bir neçə dəfə təkrarlandı, üçüncü zəlzələ isə digərlərindən güclü oldu.

Biz əraziyə daha yaxınıq, zəlzələ ocağından 10 kilometr məsafədəyik, təbii ki, rəsədxanada hiss olundu. Ancaq binalarımız yenidən qurulduğu üçün çox möhkəmdir, bu səbəbdən də elə bir ciddi ziyan dəyməyib. Sadəcə, bəzi yerlərdə üz daşlarında çatlar əmələ gəlib, bir-iki daş qopub. Amma içəridə heç nə yoxdur".

X.Mikayılov qeyd edib ki, teleskoplar yoxlanılıb və narahatlıq üçün səbəb yoxdur.

 Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, axşam saatlarında bölgələrdə 6 təcili tibbi yardım briqadası işləyib.

“Dünən axşamdan bu günə qədər təcili yardıma 30 müraciət olub. 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub.

Xəsarət alanlara travmotologiya şöbəsində lazımı yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib.

Bir nəfər cavan adamın həyacandan dili tutulub. O da yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb.

Bir nəfərin həyacandan beyninə qan sızıb. 58 yaşı var reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymatləndirilir”.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıda zəlzələ nəticəsində uçqun baş verən ərazilərə baş çəkib.

Nazir əraziyə baxış keçirdikdən sonra açıqlama verərək bildirib ki, gecədən başlayaraq Şamaxıda müxtəlif ballarda 3 təkan olub:

“Cənab prezidentin tapşırığı ilə səhər tezdən bura gəlmişəm. Bizim əməkdaşlar rayon icra hakimiyyətinin əməkdaşları ilə birgə gecədən qəza olmuş və ya şikayət edən insanlara baş çəkiblər. Çox şükür ki, ölüm halları baş verməyib. Hadisədən təşvişə düşüb qaçarkən iki nəfərin ayağı, bir nəfərin qolu sınıb. Hazırda onlar müalicə alır. Ümumiyyətlə, 4 rayon üzrə 73 müraciət olub. Orada da ciddi fəsadların olmadığı qeyd olunub.

Belə zəlzələdə fəsadların cüzi olması çox yaxşıdır. Evlərin uçması halı baş verməyib, sadəcə divarlar aşıb. Bununla bağlı da ölkə başçısının tapşırığı ilə komissiyalar birgə işləyəcək. Nəticələr bəlli olduqdan sonra qərar veriləcək.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da tapşırıq verib ki, fondun əməkdaşları könüllü olaraq əhaliyə kömək etsin”.

K. Heydərov qeyd edib ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri köçürüləcək:

"Yaxşı ki, rayon camaatı bu hadisəni panika ilə qarşılamayıb, buna da ehtiyac yox idi. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısına və əməkdaşlarına da nazirliyimiz adından təşəkkür edirəm. Onlar operativ formada işləyib camaatı sakitləşdirib.

Qəzalı vəziyyətdə olan evlərin sakinləri köçürüləcək. Uçmaq təhlükəsi olan bir neçə ev var. Onlara dövlət tərəfindən köməkliklər olacaq. Təmir-bərpa işləri zəruri olan yerlərdə də işlər görüləcək. Bir az əvvəl vertolyotla zəlzələnin episentrində yerləşən kəndə eniş etdik, orada da ciddi fəsad baş verməyib".

RePost.Az

 


Baxış sayı: 2573 | Tarix: 06.02.2019
Bizi Telegramda izləyin: @repostaz