“Bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini tapacaqdır. İqtisadi artım isə göz qabağındadır. Bu ilin iki ayında ümumi daxili məhsul 3 faiz artıb. Bu, son illər ərzində ən yüksək göstəricidir. Sənaye istehsalı 4,6 faiz artıb. Bu da yaxşı göstəricidir”.
 
Bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə deyib.
 
Dövlət başçısı bildirib ki, ən böyük artım qeyri-neft sektorunda sənaye istehsalına aiddir.
 
“Burada artım 15,5 faizdir. Hesab edirəm ki, bu, dünya rekordudur və son illər ərzində aparılan düşünülmüş ciddi iqtisadi islahatlar siyasətinin nəticəsidir. İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, – artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, – təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir. Mən tam əminəm ki, bu ili biz uğurla başa vuracağıq. Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq” -, deyə Prezident vurğulayıb.
 
RePost.Az

Baxış sayı: 2782 | Tarix: 20.03.2019
Bizi Telegramda izləyin: @repostaz