Əziz dostlar! Hörmətli həmkarlar!
 
Bu gün elə bir həssas ordu mövzusuna toxunmaq istədim ki, ola bilsin ki, bir çox həm xidmətdə olan, həm də ehtiyata, istefaya çıxmış hərbçi dostlarımız üçün bir qədər gözlənilməz olsun.Ancaq, hesab edirəm ki, bu məsələdə bir qədər ədalətli və prinsipial olsaq, bunun özü də həm Azərbaycan Ordusunun, bütövlükdə Silahlı Qüvvələrimiz üçün çox böyük faydası olar. 
 
Kim necə istəyir, elə də qəbul etsin.Məni tanıyanlar bilirlər ki, mənim üçün hər zaman Əlahəzrət Fakt deyilən bir anlayış olub, var və həmişə də olacaq. 
 
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Qərərgah rəisi, əksər hərbçilərin yaxşı tanıdıqları general-polkovnik Nəcməddin Sadıkov haqqında bir neçə kəlmə yazmaq istəyirəm.
 
Bildiyiniz kimi, bu günlərdə hörmətli generalın 63 yaşı tamam oldu və bu münasibətlə həm yazılı, həm də elektron mediada bir çox materiallar dərc olundu. Sosial şəbəkələrdə də çox qızğın müzakirələr,mübahisələr və bəzən də emosiyalardan irəli gələn fikirlərə də rast gəldik. Hər kəsin fikirlərinə hörmətlə yanaşıram və mən də Nəcməddin Sadıkovu şəxsən yaxından tanıyan bir şəxs olaraq Müdafiə Nazirliyinə müharibənin ən ağır dönəmlərində mayor rütbəsində gəldiyi günü də, tarixi də çox yaxşı xatırlayıram. Cavan və hündürboy zabit Qarabağ müharibəsində ən ağır nöqtələrdən biri olan Ağdərə-Tərtər istiqamətində ağır döyüşlərə iştirak edən hərbi hissəyə təyinat aldı və tərəddüd emədən təyin olunduğu vəzifəyə uyğun olaraq polkovnik-leytenant paqonlarını 5-ci mərtəbədəki kitabxanada səhra geyiminə tikərək, səhərisi artıq döyüş bölgəsində idi. Yəqin ki, onunla xidmət keçən yoldaşlar məndən də yaxşı xatırlayırlar ki, hərbi hissəyə təyin olunmuş yeni komandir ilk anından necə tələbkar və əsl hərbçi kimi öz vəzifə borclarına yanaşırdı. Bəli, müxtəlif yaş senzində olan əsgər və zabitlər, həmçinin nizami ordu anlayışına o qədər də bələd olmayan könüllülər üçün Nəcməddin Sadıkovun gəlişi çox şeyləri dəyişdi. Mən detallara varmaq istəmirəm. Onun necə komandir olmasını hal-hazırda daşıdığı vəzifə və hərbi rütbəsi də sübut edir. 
Bəli, onun barəsində cürbəcür şaiyələr, dedi qodular yazılıb, yazılır və yəqin ki, yazılacaq. Amma, gəlin kişi kimi əlimizi ürəyimizin üstünə qoyub o yazılan sayiələrdən və dedi-qodulardan birini sübut edən kimsəni görmüsünüzmü? 
 
Guya qardaşının Ermənistanda yüksək vəzifədə hərbçi kimi xidmətdə olmasından tutmuş, ta Rusiyanın buradakı "nümyəndəsi" kimi müxtəlif "damğa və yarlıklar" yazılıb. Bilənlər bilir və bilməyənlər üçün onu qeyd edim ki, Nəcməddin Sadıkovun cəmi 1 qardaşı olub və o da çoxdan Allahın dərgahında haqq dünyasındadır. Bu faktı mən özüm bu yaxınlarda çox etibarlı və ailəyə yaxın olan şəxslərdən həm öyrənmiş, həm də dəqiqləşdirmişəm. Fərz etsək ki, onun Rusiyaya guya bağlılığı var, onda biz sovet hərbi məktəblərini, akademiyalarını oxuyub bitirmiş bütün azərbaycanlıları çox rahat "rusun, Moskvanın nümayəndəsi" kimi saya bilərsiniz. Başda müdafiə naziri general-polkovnik Zakir Həsənovu da, onun müavinləri, general-leytenant Kərim Vəliyevi, general-leytenant Kərəm Mustafayevi, general-leytenant Ramiz Tahirovu, general-mayor Fuad Məmmədovu və digər qoşun və xidmət rəhbərləri olan generalların və polkovniklərin tam əksəriyyətini bu siyahıya əlavə etmək olar.. 
 
Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun çox tələbkar və sərt xarakteri var. Bunu mən öz üzərimdə də birgə hərbi xidmət dövründə həm hiss eləmişəm, həm də görmüşəm. Və, sizi inandırım ki, tam səmimi deyirəm ki, ordu rəhbərliyinin məhz belə xarakterdə olması çox yaxşı haldır. Şərq mentaliteti ilə heç də uyğun sayılmayan belə əsl ordu komandirinin tələbkarlığı, bəzən sərt ifadələri, heç də hamının xoşuna gəlmir. Amma, o insandır, o da ailə başçısıdır. Bəzən etdiyi sərt hərəkətlərə görə çox dərin sarsıntılar və hisslər keçirir. Bu insan özünün sevib-seçdiyi ömür gün yoldaşını cavan vaxtı vaxtsız itirib. Allah rəhmət eləsin! Bu insan bütün Silahlı Qüvvələrin döyüş hazırlığına birbaşa cavabdehlik daşıyan şəxsdir. Bəli, MDB məkanında ən stajli və ən savadlı generallardan biri kimi çox böyük nüfuza malikdir. Ondan təkcə Azərbaycanda deyil, elə keçmiş SSRİ şinelindən çıxan çoxlu sayda generallar və admirallar həm çəkinir, həm də ehtiyat edirlər. Ona görə ki, o hamısı ilə necə lazımdır dil də tapır, başa da salır, dediklərini də edir. Bunun nəyi pisdir ki?! 
 
Bu gün Müdafiə Nazirliyinin rəhbərliyində, hörmətli nazirimiz general-polkovnik Zakir Həsənov da inciməsin, general-polkovnik Nəcməddin Sadıkov kimi bir tərcrübəli, bu rütbədə və vəzfədə döyüş keçmiş ikinci bir general varmı? Barmaqla sayıla biləcək generallarımız var ki, onlar həqiqətən də kabinetlərdə deyil, məhz döyüşdən çıxmış şəxslər kimi Nəcməddin Sadıkovla bərabər Azərbaycan Dövlətinin həm bizə düşmən kəsilən Ermənistan və onun birbaşa havadarı olan Rusiya qarşısında, elə İranın da, digərlərinin də qarşısında sipər olan oğullardır. Gəlin bir az dərindən düşünək. Emosiyasız və heç bir qərəz olmadan. Mən açıq şəkildə çox şeyləri yazmağı lazım bilmirəm. Yəqin ki, mənim dəyərli hərbçi dostlarım və həmkarlarım başa düşərlər ki, söhbət Azərbaycan Dövlətinin, Dövlətçiliyinin ən etibarlı sütunu sayılan Azərbaycan Ordusunun mən deyərdim, ən vacib postuna cavabdehlik daşıyan şəxsindən gedir. Məhz o qarantdır ki, Ordu düşmənə və düşmənlərimizə barmaq silkələməklə yerini göstərsin. Və göstərir də. Göstərəcək də, inşallah çox tez bir zamanda.
 
Bəli, gəlin açıq etriaf edək ki, bir çoxlarına general-polkovnik Nəcməddin Sadıkov kimi sərt və tələbkar ordu generalı, rəhbəri o qədər də sərf etmir.Yeri gəldi-gəlmədi, o cümlədən bu sətirlərin müəllifi kimi bir neçə il bundan öncə daha çox o vaxtkı müdafiə naziri general-polkovnik Səfər Əbiyevdən "hayfimizi almaq üçün" bəzən "naçştab" Nəcməddin Sadıkovu da haqsız olaraq qaralıyırdıq.
 
Əziz dostlar! Dəyərli həmkarlar! 
Çox istərdim ki, yazdıqlarımı harasa yozmamaq şərti ilə, sırf dövlət və dövlətçilik, xalq və millət prizmasından dəyərləndirəsiniz. Ay bu yazdıqlarımı "oğluna, nə bilim kürəkənlərinə, qohumlarına görə" yazıb kimi qiymətləndirməyəsiniz. Təvazökarlıqdan uzaq da olsa qeyd edirəm ki, tanıyanlar bilir ki, mənim üçün ən ali dəyərlərdən biri HƏQİQƏT və DÜZ SÖZ olub, var və inşallah, olacaq. Ona görə də, əgər bu gün general-polkovnik Nəcməddin Sadıkov hələ də Azərbaycan Müdafiə Nazirliyində nazirin 1-ci ən etibarlı, ən lazımlı müavini kimi vəzifə başındadırsa, deməli, ölkə rəhbərliyi belə hesab edir. Və heç kim də vəzifəsində əbədi olmayıb və deyil. Gəlin dəyərlərimizin qədrini-qiymətini bilək. 
 
Sonda, öz adımdan və "köhnə sovet hərb məktəbini bitirmiş" bütün zabit və gizirlərin adından, əsgər və çavuşların, bütün şəxsi heyətin adından hörmətli generalımızı səmimi təbrik edirəm, ona sağlam və firavan ömür arzulayıram. 
 
P.S. İnanıram ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev general-polkovnik Nəcməddin Sadıkovun Azərbaycan Dövləti və Dövlətçiliyi, xalqımız və millətimiz qarşısında uzunmüddətli xidmətlərini nəzərə alıb, ona bundan sonra da öz bilik və bacarığını lazım olan sahələrdə tətbiq etməyə şərait yaradacaqdır.
 
Azərbaycan Ordusuna, onun bütün şəxsi heyətinə eşq olsun!
 
Tanrı Azərbaycanımızı qorusun!

Baxış sayı: 4416 | Tarix: 27.05.2019
Bizi Telegramda izləyin: @repostaz