Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasov ictimaiyyətə audio müraciət yollayıb. 

RePost.Az xəbər verir ki, F.Abbasov sözügedən səs yazısında həbsdə olmasının səbəbini və bunun arxasında dayanan qüvvələrdən danışıb:

"Artıq neçə gündür ki, qanunsuz olaraq azadlıqdan məhrum edilmişəm. Bu günlər ərzində məni xəyal qırıqlıqları, kədər müşayiət etsə də, mən şikayət etmirəm və əsəbə, kədərə də məğlub olmuram. 25 ildir ki, əsirlikdə olan Qarabağ əhalisindən, insanlarından heç nə ilə üstün deyiləm. Onların acınacaqlı, faciəli taleyi mənimki də ola bilərdi. Mən Allaha ona görə minnətdaram ki, bu günlər ərzində insanları daha çox tanıdım, nəinki azadlıqda olduğum müddətdə. Baş verən son hadisələrlə bağlı bütün diqqət Rusiyadakı Azərbaycan diasporasının üzərindədir. Bir çox diaspora nümayəndələri bu haqda özləri bildirdilər. Onları bu məsələdə qonşu ölkələrin icmaları da dəstəkləyiblər.
 
Guya Azərbaycan diasporasının nümayəndələri şikayətindən sonra Fuad Abbasov azadlıqdan məhrum olunub, deportasiya olunub. Əslində isə bunun reallıqla heç bir əlaqəsi yoxdur. Mən indi satqınlardan danışmaq istəmirəm. Bizi dünən də satıblar, bu gün də satırlar, sabah da satacaqlar. Amma mən indi buradayamsa, bu, diaspora tərəfindən ittihamlara və diaspora daxilindəki problemlərə görə deyil. Əsas səbəb azərbaycanlıların Rusiyada hüquqlarının pozulmaslıdır. Əslində bu, belədir.
 
Mənimlə baş verənlərin əsas səbəbi Rusiyada yaşayan azərbaycanlıların problemlərinin səsləndirilməsidir. Xüsusən də federal kanallarda, ictimai rəyin formalaşdığı media məkanlarında çıxışlarımdır. Rusiya və Azərbaycan, eləcə də Rusiya və Türkiyə arasındakı münasibətləri pozmağa cəhddir.
 
Efirdəki hər tənqidi çıxışından sonra hüquq-mühafizə orqanları mənimlə maraqlanırdılar. Bu efirlər də diaspora ilə bağlı idi. Nəyə görə 15 mart 2019-cu ildəki, 15 may 2019-cu ildəki efirdən sonra hüquq-mühafizə orqanları mənimlə maraqlandı? Bu efirlər Azərbaycan diasporası ilə bağlı idi.
 
Bunu diasporadaxili problem kimi qələmə vermək istəsələr də, bu, onunla bağlı deyil. Mənim saxlanmağımın əsas səbəbini jurnlast Maksim Şevçenko səsləndirib. Ona cəsarətinə görə təşəkkür edirəm. Burada məqsəd Rusiyadakı yeganə azərbaycanlının, eyni zamanda Rusiya kanallarında türkiyəli qardaşlarımızın səsini kəsməkdir. Kimlərəsə bu, çox da xoş gəlmir. Kimsə istəyir ki, sözün hərfi mənasında azərbaycanlıların və türk qardaşların səsini Rusiya efirindən, internet məkanlarından silsinlər.
 
Bu, müxtəlif ölkələrin illərlə davam edən planlarına ziddir. Ona görə də onlar yalan xəbərlə sifarişli addımlar atırlar. Sifarişçi və icraçılar bununla dayanmayacaqlar. Onlar müxtəlif ittihamlar uyduracaqlar ki, mənim səsimi azadlıqdan məhrum etdikləri divarlar arasında kəssinlər. Amma son günlər bu olaydan öz siyasi məqsədləri üçün istifadə edənlər də var. İndi mən sifarişçi və icraçılar, eləcə də bundan istifadə edənlər barədə danışmaq istəmirəm. Bəlkə də bəzi analitiklər bu haqda artıq yazıblar. Amma mənim bu dörd divar arasında olmağım Rusiyada Azərbaycan və Türkiyənin səsini çatdırmağımla bağlı ictimai fəaliyyətimlə bağlıdır. Mən düşünmürəm ki, yaxın zamanda kimsə mənim bu təcrübəmi təkrarlamaq istəsin. Çünki bu, göz qorxutmaq üçün hesablanıb. Məqsəd odur ki, heç kim Fuad Abbasov kimi hərəkət etməsin.
 
Bəlkə də onlar öz məqsədlərinə nail olacaqlar, ya da mənim yolumu davam edəcək soydaşlarımız tapılacaq. Amma nə olursa olsun, mən demək istəyirəm ki, heç nədən qorxmaq lazım deyil. Əgər sizin deməyə nəsə sözünüz varsa, özünüzü heç nə ilə məhdudlaşdırmayın. Öz hüquqlarınızı müdafiə etmək və Rusiyada öz sözünüzü demək istəyirsizsə, bunu edin. Qorxudulma aktlarına, opponentlərinizə rəğmən, bunu edin. Ümid edirəm ki, yaxın zamanlarda azadlığa çıxa biləcəm, sizinlə normal ünsiyyət quracam. Mən indi azadlıqdan məhrum olmuşam. Bəlkə də gələcəkdə bunu deməyə imkanım olmayacaq. Ümid edirəm ki, Rusiya hüquq mühafizə orqanları bütün hallarda həqiqətin yanında olacaq və indiki vəziyyətdə ən düzgün qərarı verəcək”. 
 
F.Abbasov sonda onu müdafiə edən hər kəsə, xüsusilə də Rusiyadakı Azərbaycan səfirliyinə təşəkkür edib.
 


Baxış sayı: 1456