Böyük oyunların hər zaman kiçik «qəhrəmanları» və kiçik qurbanları olur, bu tarix boyu belə olub və olacaq da. Azərbaycan qəliz geosiyasi bir coğrafiyada faktiki hər tərəfdən düşmənlərlə əhatə olunmuş bir regionda yerləşir. Buna rəğmən, Azərbaycan bir sıra dövlətlər kimi seyirci deyil, oyunçudur. Təbii öz miqyasında, öz varlığının qarantiyası kimi köhnə və yeni «böyük qardaşlara» arxalanmır. Bəli bu çətin yoldur, amma Azərbaycan rəhbərliyi bu yolu seçib. Hesab edirəm ki, bu vəziyyətdə ən düzgün seçimdir.
 
Bu gün cənubi Qafqazda bu regionun yaxın 25-30 ildə taleyini həll edəcək proseslər gedir. Qərbdə bir çoxları «soyuq müharibə»nin bitdiyini düşünsə də, doğru deyil. Sadəcə format və üsullar bir qədər dəyişib. Bu gün Venesuellada, ABŞ, Monteneqroda, İtaliyada, Yunanıstanda, Makedoniyada, Fransada, Suriyada, hərbi-siyasi aktivlik nümayiş etdirən, Afrika ölkələrininin daxili siyasətinə qarışan Rusiya 1990-ların Yeltsin Rusiyası deyil. Təbii ki, Venesuelladan Madaqaskara kimi qeosiyasi oyunlar oynayan Rusiya, keçmiş Sovet respublikalarını, xüsusən də Gürcüstan kimi strateji və ideoloji əhəmiyyətə malik ölkəni və Azərbaycan kimi Moskva üçün yağlı tikəni diqqətsiz qoya bilməz, qoymayıb da. 
 
Son zamanlar Gürcüstanda biz Rusiyanın “görünməz əlinin” fəaliyyətinin nəticəsini daha yaxşı görürük. Gürcüstan faktiki “fail state” olmağa çox yaxındır. Gürcüstanın “fail state” olması Rusiya və onun regiondakı baş vassalı (hakimiyyətin dəyişməsinə rəğmən) Ermənistanın xeyrinədir. Gürcüstanı destabiliziya etmək, həm də Azərbaycanı özündən tam asılı vəziyyətə salmaq deməkdir. Əfsuslar olsun ki, bir çox burnundan o tərəfə görməyən yerli “mütəxəssislər” Gürcüstandakı və Azərbaycan-Gürcüstan sərhəddindəki son hadisələrə “pis oğlan – yaxşı oğlan” yanaşması ilə baxır, bu təbii ki, onların təcrübəsizliyindən, məsuliyyətsizliyindən və məlumatsızlığından irəli gəlir, lakin onların bu baxışları və bunu tirajlaması, cəmiyyətimizin müəyyən hissəsinin də fikrini səhv istiqamətə yönəldilməsinə səbəb olur.
 
Düşünməliyik ki, biz asanlıqla manipulyasiya olunan kütlə olmaq istəyirik yoxsa yetkin cəmiyyət?
 
Gürcüstanda hal-hazırda vəziyyət birmənalı deyil, bəzi adamlar deyir ki, niyə Azərbaycan hökuməti Gürcüstanla məsələni yoluna qoymayıb, (bizim hökumətin də təbii ki, burada səhvləri var, ayrıca yazı mövzusudur)? Gürcüstanda faktiki heç bir səlahiyyəti olmayan və gürcü cəmiyyəti tərəfindən birmənalı qarşılanmayan bir prezident var, kağızda müəyyən səlahiyyəti olub, lakin İvanişviliyə boylanan bir baş nazir var. İvanişvili isə Qazpromun ən böyük, fərdi səhmdarıdır. Gəldik çatdıq əsas mətləbə… İndi Azərbaycan tərəfi kiminlə razılığa gəlsin?
 
Bəziləri deyir ki, “aman torpaqları verməyək”. Azərbaycan dövləti torpaq vermək istəsəydi Kraxoba–Uryanoba məsələsində Rusiyaya güzəştə gedib orada verərdi. Bunu etməyən dövlət Gürcüstana heç bir şey verən deyil. Amma siyasət mümkün olanın sənətidir, Azərbaycan dövləti sərhəddəki insidentdən sonra, nə lazımdırsa etdi. Əslində bu insident bizim xeyrimizə idi, bizə mənəvi üstünlük verdi. Ancaq biz anlamalıyıq ki, danışıqlar hansı şəraitdə hansı adamlarla aparılır.
 
Qayıdıram yenidən Gürcüstana. Son bir ayda Gürcüstanda baş verən hadisələr bu ölkənin partlamağa hazır barıt çəlləyi kimi olmasını göstərdi. Gürcüstan bu gün Rusiya xüsusi xidmət orqanları üçün ən yaxşı operativ şəraiti təklif edən ölkələrdən biridir. ABŞ seçki sisteminə müdaxilə edən, İtaliyada, Yunanıstanda, Albaniyada, Türkiyədə Azərbaycandan gələcək qaz kəmərinə qarşı təxribatlar, aksiyalar keçirən, lobbiçilik edən informasiya kampaniyası aparan Moskva niyə Gürcüstanda bunu etməsin ki?
 
Məsələ heç Azərbaycan qazında da deyil, SOCAR Qazproma rəqib deyil, amma bu presidentdir, bu alternativin mümkün olduğunun göstərcisidir. Moskvanın narazılığı və narahatlığı budur. Hələ mən Orta Asiya enerji daşıyıcılarının Azərbaycan vasitəsi ilə Avropaya çatdırılması ehtimalını demirəm. Böyük dövlətlər ona görə böyük dövlətdirlər ki, onlar 3-5 il yox 30-50 il sonra nə olacağını düşünür, proqnozlar hazırlayır. Onların operativ imkanları şərait yaradır ki, dünyanın müxtəlif yerlərində eyni anda 5-8-10 oyunu oynasınlar.  
 
Gürcüstan parlamenti qarşısında və Keşikçidağda baş verən hadisələrə heç bu tərəfdən baxmısınızmı?
 
Gürcüstan mediasında Keşikçidağla bağlı kampaniya aparılır. Km təşkil edir?
 
Keşikçidağa maşınlarla adamlar gətirilir. Kim təşkil edir?
 
Gürcü siyasətçilər azərbaycanlıları və Azərbaycanı təhrik edəcək bəyanatlar verir. Bunların sapı kimin əlindədir?
 
Gürcüstan tərəfdən təxribatların tam planlı şəkildə aparılması göz qabağındadır. Bunu görməmək üçün tam kor olmaq lazımdır. Gürcüstanla Azərbaycan arasında gərqinlik ancaq və ancaq başda Rusiya olmaqla Ermənistana və İrana sərf edir. Mühüm enerji və nəqliyyat dəhlizlərinin təhlükə altında olması, onların tam dayandırılması yox, ən azı təhlükə altında olması artıq xarici şirkətləri və investorları çəkindirmək üçün və ya şərtləri bizim ziyanımıza dəyişmək üçün kifayət edir.
 
Görünməz əl Gürcüstan tərəfdən lazımi təxribatları törədib, indi də növbə Azərbaycanındır. Təxribatlar qarşılıqlı olmalıdır ki, ara qarışsın məzhəb itsin. Bu istiqamətdə çalışan insanlar hər iki cəmiyyətin və ayrı-ayrı onları maraqlandıran fərdlərin zəif yerlərini çox yaxşı bilir.
 
Ona görə hesab edirəm ki, bizim rəsmilər Gürcüstanla apardıqları danışıqlarda dövlətin əlini zəiflədəcək və az qala bütün düşmənlərimizin bizə qarşı istifadə edəcəyi bəhanə və üstünlükləri onlara verməməlidirlər. Təxribatçıların planı məhz buna hesablanıb. Ona görə Akademik Yaqub Mahmudovun son müsahibəsinə məndən sərt reaksiya gəldi. Cənab Mahmudov bir tək AMEA-nın Tarix İnstitutunun (hesab edin Azərbaycanın baş tarixçisi) direktoru deyil, həm də hakim partiyanı təmsil edən millət vəkilidir.
 
Hesab edirəm ki, indiki həssas bir zamanda qonşu ölkənin torpaqlarına iddia etmək, bu azmış kimi o ölkənin paytaxtını Azərbaycan şəhəri elan etmək, yalnız və yalnız vəziyyətin pisləşməsinə xidmət edə bilər və o biri tərəfdən yeni təxribatların baş verməsinə rəvac verə bilər (bu arada Yaqub müəllimin trolları Batumu da Azərbaycan şəhəri elan etdilər). Gürcüstan məsələsini bir yana qoyuram, informasiya yaymaq və istifadə etmək imkanları bizdən qat-qat geniş olan erməni lobbisi (ABŞ konqresində bizə qarşı qəbul etdirdikləri son qərar bir daha bu lobbinin imkanlarını göstərdi) tam əmin olun ki, Yaqub müəllimin bu sözlərini bəzəyib, necə lazımdırsa istifadə edəcək, özü də illərlə və ən müxtəlif səviyyələrdə. O səviyyələrdə ki, ora nə Yaqub müəllimin, nə də onun institutunun əli çatan deyil…
 
Təsəvvür edin biz az qala ən müxtəlif səviyyələrdə 25 ildir təbliğat aparırıq ki, bizim 20% torpağımız işğal olunub, biz işğala məruz qalan tərəfik, sonra bizim baş tarixçimiz və millət vəkilimiz çıxıb desin ki, qonşu ölkənin paytaxtı da bizimdir…
 
Mən də Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında iştirak etmişəm və edirəm, özü də Yaqub müəllimdən fərqli olaraq dövlətin pulu ilə deyil, öz pulumu və Azərbaycandan kənarda şəxsi əlaqələrimi istifadə edərək. Ona görə bu məsələyə “əşşi” deyib keçə bilmərəm.
 
Ancaq nə oldu? Yaqub müəllimin işçiləri mütəşəkkil sürətdə mənim üstümə düşüb məni “vətən xaini” və “ermənilərə xidmət etməkdə” “torpaqları verməkdə” gunahlandırdılar. Düzü bunların bütün yazdıqları hazır məhkəməlik məsələdir, amma onlardan zərrə qədər də incimirəm. Vəziyyətlərini anlamağa çalışıram. Mənə qarşı təşkil olunmuş bu kampaniya (niyə kampaniya? çünki aşağı-yuxarı bütün yazanlar eyni vaxta demək olar eyni şeyi yazıb, hamısı AMEA-nın tarix institutu ilə bağlıdır. Demək ki, komanda olub və koordinasiya olub)  əslində çox mətləblərdən xəbər verir. Qaragüruhun səsi həmişə daha çox eşidilir, çünki onlar “utanmasan oynamağa nə var ki” prinsipi ilə hərəkət edir, arsenallarında şər, böhtan, söyüş — hər şey var. Mən bu tip şeylərə öyrəncəliyəm, acınacaqlısı odur ki, mənə qarşı trolluq edən bu insanların elmi dərəcəsi var və bunlar guya bizim tariximizi yazır… Bax bu təhlükəlidir.
 
Mən Keşikçidağ məsələsinə dair münasibətimi bir neçə dəfə bildirmişəm, ən son da Amerikanın səsində danışdım (heyif ki, onlar hər şeyi efirə vermədilər).
 
Ancaq görünür ki, Azərbaycanda hansısa adamlara məsələnin sakit şəraitdə, təxribatsız, diplomatik yolla həlli sərf etmir.
 
Belə vəziyyətlərdə təxribatçılar da onlara bilməyərəkdən xidmət edənlər də hamıdan uca səslə vətənpərvərlikdən danışır, fikri və mövqeyi onlarla üstü-üstə düşməyənləri “vətən xaini” “satqın” olmaqda ittiham edir. Senari eynidir, dekorasiyalar və yer fərqlidir…
 
Mənə gəldiktə isə Yaqub müəllimin dəstəsi mənim fikrimi dəyişə bilməz, mənim məsələlərə soyuqqanlı və rasional baxışımı dəyişə bilməz.
 
Diqqətinizə görə təşəkkür edirəm!
 
Əli Hacızadə
RePost.Az

Baxış sayı: 943