Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterreş İranda insan haqlarının acınacaqlı vəziyyəti barədə hazırladığı yeni hesabatda rəsmi Tehranı “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”ya qoşulmağa çağırıb.
 
Quterreş həmçinin mədəni və siyasi fəallara qarşı olan təqiblərdən də narahat olduqlarını qeyd edib və İran dövlətindən insan haqları aktivistlərinin, jurnalistlərin, yazıçıların, işçi və ətraf mühit fəallarının təhlükəsizliyinin təmin edilməsi və onlara fəaliyyət göstərmək üçün təqib və həbsin mövcud olmadığı şəffaf mühit yaratmasını tələb edib.
 
21 səhifədən ibarət hesabat Baş Assambleyanın 73/181 saylı qətnaməsi əsasında hazırlanıb. Sənəddən İrandakı insan haqları ilə bağlı kobud pozuntu halları sadalanmaqla yanaşı, bu ölkəyə neqativlərin aradan qaldırılması üçün tövsiyələr edilir.
Quterreşin rəsmi Tehrandan “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”ya qoşulmasını istəməsi İranın qanunlarına əsasən, reallaşması mümkünsüz tələbdir. Bir çox mütəxəssislər bildirirlər ki, İran qanunları qadınlara qarşı ayrı-seçkiliyə zəmin yaradır. Onlar xüsusilə irs, qan pulu, boşanma haqqı, xaricə səfərə getmək hüququ və geyim azadlığını misal göstərməklə, İran qanunlarında ən azı 12 halın sözügedən konvensiya ilə ziddiyyət təşkil etdiyini deyirlər.
 
Son illər ərzində İran rejiminin qadınların hüquqlarını kobud şəkildə pozması, eləcə də onların ictimai fəaliyyətdən çəkindirmək üçün tətbiq etdiyi zorakılıqlar və həbslər dünya ictimaiyyətinin əsas diqqət mərkəzində saxladığı məsələlərdəndir. Xüsusilə də, bir neçə gün öncə Səhər Xudayari adlı futbol fanatına olan gənc qızın stadiona girməyə çalışdığı üçün bərasində həbs qərarının çıxarılmasına etiraz olaraq özünü yandırmaqla intihar etməsindən sonra İranda qadın haqları məsələsi yenidən dünya gündəmini zəbt edib.
 
“Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”nın qəbulundan təqribən 40 ilə yaxın müddət keçməsinə baxmayaraq, BMT-yə üzv ölkələr içərisində İran da daxil olmaqla, yalnız 4 ölkə hələ də ona qoşulmayıb. Konvensiyanın 1-ci maddəsində qeyd edilir ki, qadınlara qarşı onların cinsinə görə göstərilən hər cür ayrı-seçkiliyə yolverilməzdir.
 
İranın Konstitusiyaya Nəzarət Şurasının fəqihləri konvensiyanın “islam dininin müddəaları ilə ziddiyyət təşkil etdiyini” deyərək, ölkənin ona qoşulmasına qarşı çıxırlar.
 
Antoniu Quterreş hesabatda həmçinin İran rejiminin milli, dini və cinsi azlıqlara qarşı davranışını, cəmiyyətdə və internetdə ifadə azadlığını məhdudlaşdırmasını, işçi fəalların mitinqlərini zorakılıqla dağıtmasını və digər bu kimi halları da İranda insan haqlarının kobud şəkildə pozulması predmeti kimi sadalayıb.
 
O, həmçinin ölkədə müxtəlif dini ittihamlarla insanların edam edilməsinin də narahat edici səviyyədə çox olduğunu bəyan edib.
 

Baxış sayı: 3105 | Tarix: 26.09.2019
Bizi Telegramda izləyin: @repostaz