“Yeni Müsavat”dakı “Əli Kərimlini vətən xainləri niyə müdafiə edir - şok səbəblər...” başlıqlı yazıda, AXCP sədrinin ünvanına tənqidi fikirlər yer alıb. Yazıya və qəzetin baş redaktorunun ünvanına cavab uzaqdan gəlsə də, gecikməyib. İrandan, Qumdan gəlib. Qum şəhərində fəaliyyət göstərən nur-az.com və daha bir neçə İran maraqlarına işlədiyi iddia olunan saytdan baş redaktora ünvanlanan tənqidi fikirlərdə, həm də AXCP müdafiə olunur. Bu birmənalı şəkildə AXCP-nin İranla müttəfiqliyi göstərir. Maraqlar o qədər üst-üstədir ki, İran Əli Kərimlini və partiyasını müdafiəyə aşkar imkan verilib. 
 
Düzü İranı və əməllərini müşahidə elədikcə adamın ağlına cin gəlir. Cin o cin deyil ha...bir ara kimi gördü, ona girməyə çalışırdı. Sonra da mollalar toplaşıb cini necə çıxarmaq üstündə baş sındırırdılar. Bu dediyim alayı cindir. Biz tərəflərdə qoçaq, əli hər yerə çatan adamlara da cin deyirlər. İndi başa düşmüşəm, cinbala mollalar da var, cəbhəçilər də...Molla demiş, İran mollaları Azərbaycanda yaman fəallaşıb. İslam boyda dini abırdan salıb, əllərində oyuncağa döbdəriblər. Məsələn, bayaq da qeyd elədiyim kimi, hərdən onların oyuncağı xarab telefona dönür. Bizim həbsxanalarda gəzişir. Ara yerdə kiminsə qadını getdi bada. Haqqında açılan cinayət işinə sonradan xitam verilsə, olan oldu artıq. Öz aramızdı, xitamı da zamanında verdi hüquq-mühafizə, təhlükəsizlik orqanları. Bu, əməlli başlı oyunpözanlıq oldu. 
 
Dönək sayta. Qum şəhərində yerləşən, Əli Kərimlinin əvəzinə cavab verən sayta. İran-AXCP-Milli Şura-dini inqilab... Deyəcəksiniz belə bir ittifaq ola bilməz. Xatırladıram, Azərbaycan olmazların bir çoxunu olduran ölkədi. O üzdən bizdə olmazlar üzərindən mübahisəyə girməmək məsləhətdir. İndiki AXCP-dən, Milli Şuradan nə desən çıxar. Üzdə isə adama göstərdikləri mənzərə başqadır. Guya Azərbaycanda hakimiyyət arzusundadırlar, demokratiya quracaqlarmış. İlahi ədaləti bərpa edəcəklərmiş. Ədalətli məhkəmə, hüquq-mühafizə orqanı, güc, təhlükəsizlik sistemi formalaşdıracaqlarmış. Ölkədə qaragündə olan hər kəsi ağ günə qovuşduracaqlarmış. Haqq-ədalət bərpa olunacaqmış. Hər kəs haqq elədiyi kimi yaşayacaqmış. Kimin dəstəyi ilə? İranla? Ay-hayyy...Səs verməsələr İrandakı seçkidələrdə yetərsay olmayan cənubi azərbaycanlılar unutmusunuzmu? Hə, bax, o azərbaycanlıların bu taya olan maraqlarından doğan xof üzündən molla rejimi buna imkan verməz. 
 
Bu arada, İran rəsmi olaraq hər hansı əməkdaşlığı danıb. “Nur-az.com saytı İran İslam Respublikası ilə heç bir əlaqəyə malik deyil və İran dövləti heç bir vəchlə bu saytı və rəhbərliyini dəstəkləmir. Onların İranda fəaliyyət göstərməsinin İran dövlətinə aidiyyəti yoxdur. İranın rəsmi nümayəndələri Azərbaycanın dövlət rəsmiləri ilə görüşlərində bu sayt, onun rəhbərliyi ilə hər hansı əlaqəni qəti şəkildə rədd edirlər. Onlar tərəfindən hər hansı bir qanun pozuntusu törədilsə, cəzalanacaqlar. İran İslam Respublikası dost və qonşu Azərbaycan dövləti ilə əlaqələrin inkişafının tərəfdarıdır, bu siyasətə müxalif olan bütün qüvvələr bizdən deyil”.
 
Azərbaycanda Taleh Bağırzadə olaylarından sonra artıq heç kimə sirr deyil, AXCP və Milli Şuranın xarici mərkəzlərə bağlı radikal dini cami ilə ortaq maraqları var ölkədə. Diqqət etsəniz çox aydın mənzərədir. İranın duni qruplaşmalarının Azərbaycandakı nümayəndələri müxalifətin radikal addımlarını müdafiə edir, hətta onların keçirdiyi etiraz aksiyalarına qatılır. Qarşılıq olaraq müxalifət də məhz radikal dini qruplaşma fəallarının müdafiəsinə qalxır. Hətta Hacı Talehin simasında onların barəsində görülən hüquqi tədbirlərə siyasi don geyindirməyə çalışırlar. İransevərlərə siyasi məhbus statusunun verilməsi üçün mübarizə aparırlar. Nə deyək Milli Şuralı, AXCP-li demokratiyanız batsın. Qaldı İranın rəsmi açıqlamasına, bəs nə deməliydi. Durub deyəsi ha deyil ki, sizin müxalifətlə yanaşıyıq bir xeyli məsələdə. Nə isə... demək istədiyim odur ki, ey sevgili əhli-məmləkət bunlardan sizə və bizə heç bir zad olası deyil. Olsaydı illərdir olardı. Olmadı. Olan-qalan müxalifəti də bir yolla yeyib-bitirdilər. İndi Azərbaycanı yemək istəyirlər. Siz siz olun, yedirtməyin!.. 
 
Jalə Mutəllimova


Baxış sayı: 2839 | Tarix: 04.10.2019
Bizi Telegramda izləyin: @repostaz