Hüquq müdafiəçisi Oqtay Gülalıyevin İstanbuldakı “Amerika” xəstəxanasında müalicəsinin müddəti daha 10 gün uzadılıb. Bu barədə Turan-a onun həyat yoldaşı Füruzə Gülalıyeva məlumat verib.
 
Həkimlərin dediklərinə görə, Heydər Əliyev Fondu bu klinikada müalicənin maliyyələşdirilməsini daha 10 gün uzadıb.
 
Bundan əvvəl, Repressiya və İşgəncələr Əleyhinə Komitə fəalın müalicəsi üçün beynəlxalq təşkilatlara müraciət etmişdi. Lakin Beynəlxalq təşkilatların heç biri yardım göstərməyə hazır olduqları barədə konkret cavab verməmişdi. Onlar Heydər Əliyev Fondu maliyyələşməni dayandracağı halda bunu müzakirə edəcəklərini bildirmişdilər. 
 
Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, kəllə-beyin travması alıb, beyninə qan sızıb. Həkimlərin etirazına baxmayaraq yaxınlarının istəyi ilə dövlət xəstəxanasından çıxarılaraq özəl klinikaya yerləçdirilib. Orada isə əməliyyat gecikdirildiyindən komaya düşüb. 
 
Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvəti ilə gələn türkiyəli mütəxəssislər O.Gülalıyevin müalicə üçün Türkiyəyə aparılmasını tövsiyə ediblər. Noyabrın 6-da o, AZAL-ın xüsusi reysi ilə İstanbula göndərilib və “Avrasiya” klinikasına yerləşdirilib. Noyabrın 19-da “Amerika” xəstəxanasına köçürülüb, ertəsi gün başına yığılmış mayeni çıxarmaq üçün başqa bir neyrocərrahiyyə əməliyyatı keçirilib.
 
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə O.Gülalıyevin müalicəsi ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Baxış sayı: 2858 | Tarix: 10.12.2019
Bizi Telegramda izləyin: @repostaz