Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olmuş, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.

Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Bununla da, koronavirus infeksiyasından vəfat edənlərin sayı 7-yə çatıb. Hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 545 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

 

 


Baxış sayı: 217 | Tarix: 05.04.2020
Bizi Telegramda izləyin: @repostaz