Təhsil Nazirliyi təhsil müəssisələrində sosial məsafənin təmin edilməsi ilə bağlı təlimat hazırlayıb.
 
RePost.Az xəbər verir ki, təlimatda bildirilir ki, 15 sentyabr 2020-ci il tarixindən etibarən ölkənin ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsi üzrə tədris və təlim-tərbiyə prosesinin başlanmasını nəzərə alaraq sosial məsafənin saxlanılması ilə əlaqədar təhsil müəssisələri rəhbərləri tərəfindən aşağıdakılar təmin edilməlidir:
 
- Şagirdlər (valideynləri ilə birgə də ola bilər) məktəbin həyətyanı sahəsində sosial məsafənin saxlanılması məqsədilə yerdə çəkilmiş dayanma işarələrinin üzərində dayanmalıdırlar;
 
- Həyətyanı sahədə sosial məsafənin saxlanılması və növbə ilə məktəbə daxil olma prosesinin tənzimlənməsi üçün şagird kontingentinin sayından asılı olaraq əməkdaşlar ayrılmalı və siniflərə təhkim edilməlidir;
 
- Məktəbin girişində hər bir şagirdin hərarəti ölçülməli və hərarət 37.1° C dərəcədən aşağı olduğu halda, şagird sinif otağına yönəldilməlidir, hərarət qeyd edilən həddən yüksək olduqda, təxirəsalınmadan məktəbin həkimi tərəfindən valideyn təlimatlandırılmalı və şagird geri qaytarılmalıdır.
 
Sosial məsafənin saxlanılması məqsədilə məktəbin həyətyanı sahəsində dayanma işarələrinə verilən tələblərdə deyilir ki, şagird kontingentinin sayına və məktəbin həyətyanı sahəsinə uyğun çəkilmiş dayanma işarələri ölçüsü (diametri) 20-30 sm olan dairə, kvadrat, düz xətt şəklində ola bilər. Dayanma işarələri ağ rəngli boya, yaxud əhəng ilə çəkilməlidir. Dayanma işarələri arasındakı məsafə ən azı 2 m olmalıdır.
 
Əgər məktəbin binasına (korpuslarına) 1-dən çox giriş qapısı varsa, o zaman giriş qapıları müvafiq hərflərlə kodlaşdırılmalı (A, B, C və s) və hər bir giriş qapısının önündə sosial məsafənin gözlənilməsi üçün dayanma işarələri çəkilməlidir. Bu proses daha çox şagird sıxlığı çox olan məktəblərə tövsiyə edilir və bu zaman elektrik hərarət ölçən cihazın sayı nəzərə alınmalıdır. Belə bir variant tətbiq ediləcəyi təqdirdə, şagirdin hansı girişdən daxil olacağı barədə valideynlərə əvvəlcədən bildirilməlidir.
 
Valideynlərə verilən tələblərdə deyilir ki, sosial məsafənin saxlanılması məqsədilə valideynlər yerdə çəkilmiş dayanma işarələrində övladının yanında dayanmalıdırlar. Övladı məktəbin giriş qapısına daxil olduqdan sonra valideynlər məktəbin həyətyanı sahəsini tərk etməlidirlər.
 
Məktəbin həyətyanı sahəsində şagirdlərin və valideynlərin sosial məsafə saxlamadan kütləvi halda toplaşması və kütləvi halda şəkil çəkdirməsi yolverilməzdir.
 
Qeyd olunan məsələlərin mövcud qayda və təlimatlara uyğun şəkildə həyata keçirilməsinə nəzarət təhsil müəssisəsinin rəhbəri tərəfindən həyata keçiriləcək. Təhsil Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən mütəmadi olaraq prosesə nəzarət məqsədilə yerlərdə keçirilən monitorinqlər zamanı müvafiq qaydalara əməl etməyən müəssisə rəhbərləri aşkarlandığı halda onlar barəsində intizam tənbehi tədbirləri həyata keçiriləcək.

Baxış sayı: 3276 | Tarix: 10.09.2020
Bizi Telegramda izləyin: @repostaz