Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin ediləcək.
 
RePost.Az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" qərarında əksini tapıb. 
 
Müəyyən edilib ki, bu qərarın qüvvədə olduğu müddətdə, yəni 2020-ci il dekabrın 1-dək sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında  Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.
 
Eyni zamanda Təhsil Nazirliyi tərəfindən bu qərara uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər.
 
Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməlidirlər.
 
Qərar 2020-ci il dekabrın 1-dək qüvvədədir.

Baxış sayı: 3314 | Tarix: 29.10.2020
Bizi Telegramda izləyin: @repostaz