Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuart xidmətindən RePost.Az-a verilən məlumata görə, 2021-ci il 9-10 yanvar tarixlərində nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 3521 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 5083 nəfər barəsində inzibati tənbeh, 4 nəfər barəsində isə inzibati həbs tədbiri tətbiq olunub.
Eyni zamanda ev şəraitində müalicə təyin edilən 9 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. 7 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.