Bu gün Azərbaycanda Xıdır Nəbi (Xıdır İlyad) bayramıdır. Bu bayram əsasən Naxçıvan, Tovuz, Qazax və s. bölgələrimizdə qeyd olunur. Hər il fevral ayının 9-u, 10-u, bəzi yerlərdə isə 14-ü, 15-i (Xızır İlyasın doğulduğu gün) Xıdır Nəbi bayramı xüsusi adət-ənənələr və təntənəli şəkildə qeyd edilir. Mərasim həm də fevralın 1-dən 20-sinə kimi olan kiçik çilləyə təsadüf edir.
Folklor institutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev RePost.Az-a Xıdır Nəbi bayramı haqqında danışıb.
Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq “su, külək və havanın himayəçisi” kimi təqdim olunur.
Ümumiyyətlə, bu mifik obrazla bağlı mübahisəli məsələlər çoxdur. Onun adının Xızır, Xızır İlyas, Xıdır Nəbi, Xıdır baba və Xıdır Zində olması haqda fikirlər müxtəlifdir. Azərbaycan folklorunda bununla bağlı inamlar çoxdur. Məsələn, tut ağacını qurumamış kəsmək günahdır deyirlər. İnanca görə, bu ağacı Xızır peyğəmbər ehsanlıq üçün əkib. Yaxud “Xızır gecəsi” peyğəmbər hansı qapıdan öz buğda payını apararsa, həmin il o evin ruzisi artar, min-bərəkəti olar. Xalqın Xızır peyğəmbərə olan inamı o həddə malikdir ki, bu ad insanların and yerinə çevrilmişdir. Xızır İlyas haqqı, Xızıra and olsun və bu səpkili andlar, Xıdırın diləyi üstündə olsun, Xıdır Nəbi köməyin olsun, Xıdır Nəbi hayına yetsin, Xızıra rast gələsən, Xızır payını versin kimi alqışlar məhz bu inamla bağlıdır.
Türk şairi Üsulinin fikrinə görəxristian kitablarında “Elya, İlyaşəklində yazılıb, ərəblərdə İlyas adlandırılan peyğəmbər Xızırdır. Bəzən bu adları qoşalaşdırıb Xıdır-İlyas şəklində də qəbul edirlər. Onlar da irfanda rəmzləşiblər: Xızr - genişlik (bəst), İlyas isə darlıq, sıxılma (qəbz) simvoludur. Bəzən onları qardaş kimi də göstərirlər.
Ümumiyyətlə xalqda inam var ki, Xızır peyğəmbər darda qalanların, çətinliyə düşənlərin, xəstələrin hamisinə çevrilməklə ən çətin anda onların köməyinə çatmışdır. Buna görə də qışın ən çətin dövründə, belə demək olarsa, qışın “oğlan çağı”nda Xızır peyğəmbərin şərəfinə Xıdır Nəbi mərasimini təşkil etmək, onu köməyə çağırmaq qışın çətinliyindən, soyuğundan xilas olmaq anlamına gəlir.
Naxçıvanda Xıdır Nəbi
Bir neçə gün öncədən həyət-baca, ev eşik təmizlənir. Bir neçə ay öncədən tədarük edilmiş ərzaq, azuqə kisələrinin, torbalarının ağzı açılır. Bayramın əsas atributları qovrulmuş buğda (qovurğa) və qovud hesab olunur. Buna görə də təmizlənib yuyulmuş buğdadan ocaq üstündə qızdırılmış sacda qovurğa hazırlanır. Qovurğa sonra kirkirədə (dəstərdə) cəkilərək, iki hissəyə ayrılır. İri dənəciklər yarmalıq üçün, narın hissə isə qovud üçün qablara yığılır. Qovudu hazırlamaq üçün kirkirədə çəkilmiş qovurğanın narın hissəsindən qaba tökülür, üstünə doşab, şirə vəya şəkər tozu əlavə edilərək qarışdırılır. Ovucda sıxılaraq bərkidilir və qablara yığılaraq süfrəyə qoyulur. Bayram günü xüsusi Xıdır Nəbi xonçası hazırlanır. Bunun üçün qarğıdalı, şabalıd, badam, noxud, küncüt, günəbaxan toxumu və s. də qovrulur. Qovrulmuş çərəzlər qovurğa ilə qarışdırılır. Qarışığa innab, iydə, kişmiş, qoz, fındıq və meyvə quruları da qatılır. Həmin xonçanın ortasına bir qabda qovud da qoyulur. Xonça evdə əlçatmayan hündür bir yerə qoyulur. İnama görə gecə Xızır peyğəmbər gəlir, ona əl basır. Evdə Xıdır Nəbinin şərəfinə çıraq da yandırılır. Bayram günü ən çox uşaqlar sevinir. Hava qaralandan sonar onlar qapılara gedib torba atır və Xıdır payı istəyirlər. Uşaqlar həyətlərə girər, evlərin qapısına yaxınlaşaraq xorla bu mahnını oxuyaraq ev sahiblərini səsləyirlər:
Xıdıra xıdır deyərlər
Xıdırın payın verərlər.
Mən Xıdırın quluyam,
Göy atının quluyam.
Ağzının arpasıyam
Ayağının nalıyam.
Çatma, çatma, çatmaya,
Çatma yerə batmaya.
Xıdırın payın kəsənin,
Ayağı yerə çatmaya.
Uşaqların torbalarına Xıdır xonçasındakı şirniyyat, çərəz və qovurğa qoyularaq yola salınar.
Xıdır Nəbi bayramı günü müxtəlif ayinlər də həyata keçirilir. Evin ağsaqqalı bıçağı götürüb tövləyə girər. Həmin ili bala verməyən, qısır olan mal-heyvanın yanında dayanıb deyər ki, evdə yağımız, ətimiz, yavanlığımız qurtarır, bu da bu il bala vermədi. Mən də bunu kəsirəm. Evin ağbirçəyi də gəlib deyər ki, kəsmə. Bundan sonra hər il bala verəcək. Bunlar yumurtlamayan toyuğa, bar verməyən ağaclar üçün də edilir. Bu inanclar “baltakəsmə”, “bıçaqkəsmə”, “qorxutma” və s. adlanır.
Naxçıvanda Xıdır Nəbi bayramında nişanlılara və təzə gəlin köçmüş qızlara pay aparmaq adəti də var. Oğlan evindən nişanlı qızlara, ata evindən isə təzə gəlinlərə Xıdır xonçası aparmaq ənənəsi geniş yayılmışdır