Vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısının ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir-tikinti işləri yekunlaşıb.
Agentlikdən RePost.Az-a bildirilib ki, M5 magistralının yenidən qurulan hissəsinin uzunluğu 46 km-dir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidən inşa edilib. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.
Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunub.
Torpaq işlərinin ardınca optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla yol əsası inşa olunub. Yol boyu ələqələdirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Bundan başqa, yol boyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac olduğundan müxtəlif diametrlərə malik 106 borunun inşası aparılıb ki, bunlardan 12-i düzbucaqlı su keçidləridir. Layihəyə uyğun olaraq yol boyu 7 nöqtədə yeraltı keçid tikilib, magistral yolun zəruri nöqtələrində 44 avtobus dayanacağının quraşdırılıb.
“M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində magistralın 46-cı km-dən ayrılan və Şəki şəhərinə qədər uzanan 12 km-lik respublika əhəmiyyətli yolun da III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılaraq yekunlaşdırılıb. 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir.
Anoloji tikinti işləri bu yolda da görülüb. Respublika əhəmiyyətli yolda 5 avtomobil körpüsü inşa olunub. Körpülər yolun 0.4-cü km-də dəmiryolu, 0.7-ci km-də Əyriçay, 1.4-cü km-də Küncüt çayı, 4.6-cı km-də Sarı Qobu çayı və 5.2-ci km-də Qarasu çayı üzərində salınıb. Körpülər 2-3 aşırımlı olmaqla uzunluqları 49, 61 və 76 metr təşkil edir.
Qeyd edək ki, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ölkənin şimal-qərb istiqamətindən Mazımçay üzərindən keçməklə Gürcüstün sərhədinə doğru istiqamətlənən və respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 km uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur. Əsaslı şəkildə yenidən qurulan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir-neçə yaşayış məntəqəsini birləşdirir.
Aparılan işlər yol boyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir edəcək.
Xatırladaq ki, ötən il sözügedən magistralın 40 km uzunluğa malik Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdi.
5 / 5