“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
QSC-dən RePost.Az-a verilən məlumata görə, görüşdə dəmir yolları sahəsində əlaqələrin perspektivləri, Azərbaycanın nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizləri barədə müzakirə aparılıb. Cəmiyyətin sədri Cavid Qurbanov ölkəmizdə diplomatik fəaliyyətə yeni başlayan səfiri “Azərbaycan Dəmir Yolları” QSC-də ilk dəfə görməkdən məmnun olduğunu bildirib, ona uğurlar arzulayıb. O, dəmir yolları sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə, işlərin koordinasiyasında səfirliyin dəstəyini əsirgəməyəcəyinə inamını vurğulayıb.
Səfir Seyid Abbas Musəvi Vətən müharibəsində Azərbaycanın qazandığı böyük zəfər münasibətilə sevincini bölüşüb, görüş iştirakçılarını təbrik edib. Bildirib ki, İran hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəkləyib. Qonaq qısa fəaliyyəti müddətində işçi qrupları səviyyəsində dəmir yolları layihələri ilə bağlı bir neçə müzakirələrdə iştirak etdiyini, həmin layihələrin yekunlaşması istiqamətində dəstək göstərəcəyini diqqətə çatdırıb.
Səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində İran şirkətlərinin də maraqlı olduğunu bildirib.
Görüşdə “Şimal-Cənub” dəhlizinin nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq baxımından strateji əhəmiyyəti, Rəşt-Astara dəmir yolunun icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, həmin dəhliz yalnız İran, Azərbaycan və Rusiyanın deyil, bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq.