3 saatlıq yoldan sonra bizi Füzuli rayonuna aparan avtomobil məscidin həyətinə daxil olub saxladı. Müharibənin bitməsindən artıq bir neçə həftə keçsə də, hələ də şəhidlər gəlirdi. Biz Allahın evinə qədəm basanda da iki cənazə vardı. Artıq şəhidlərimiz yuyulmuş, tabuta qoyulmuşdu. Son olaraq tabut bayrağa büründü, dualar oxunub xüsusi avtomobillə şəhidimiz evinə yola salındı. 
 
Şəhidlərimizin tabutu yola salındıqdan sonra fürsət tapıb məsciddə görülən işlərlə tanış olduq. Artıq məscidin həyətində son tamamla işləri gedirdi, hasara üzlüklər vurulub rənglənirdi. 
Daha çox el arasında “Şəhidlər” və ya “Zəfər” məscidi kimi tanınan, Füzuli rayonu, Mahmudlu-2 kənd məscidi İkinci Vətən Müharibəsində şəhid olan bir çox əsgərlərimizin son mənzilə uğurlandığı məkan olub. Vətən müharibəsində şəhid olan əsgərlərimizin demək olar ki, böyük əksəriyyəti məhz bu məsciddə yuyalaraq Tanrı dərgahına, tutduğu məqama yola salınıb. 
Bu məscid valideynlərin son ümid yeri, qibləgahı, qürur mənbəyi  olub. Övladından xəbər ala bilməyən, nigaran qalan hər kəs bu məscidə pənah gətirib. Övladının ölüsündən, dirisindəın burada xəbər gözləyib. 
 
Hazırda həmin ərazidə könüllü xidmət edən jurnalist həmkarımız Sevda Zülfüqarlının sözlərinə görə, sentyabrın 27-də bölgəyə ezam olunduqda məsciddəki vəziyyət onu da narahat edib. Həm şəhidlərimizin son mənzilə uğurlandığı yerdə şəraitsilik, həm də işin çoxluğu onu öz peşəsini dayandıraraq hərbçilərə yardım etməyə vadar edib. İstər məscidin təmirində, istərsə də şəhidlərin yola salınmasında hərbçilərə dəstəyini əsirgəməyib və əsirgəmir də. Müharibənin bitməsindən xeyli müddət keçsə də, o hələ də kənddə könüllü fəaliyyətini davam etdirir.
“Sentyabrın 27-dən cəbhə bölgəsindəyəm. Hələ Türkiyədə işləyərkən açıqlama vermişdim ki, nə zaman müharibə başlasa mən qardaşlarımla birlikdə cəbhəyə gedəcəm. Mən də müharibə başlayandan cəbhə bölgəsinə gəldim, sentyabrın 27-dən oktyabrın 2-dək  jurnalist fəaliyyətimlə məşğul oldum. Oktyabrın 2-də bura gəldim, buradakı vəziyyəti gördüm və hesab etdim ki mənim dəstəyimə ehtiyac var.
 
Məscid həmin günlərdə təmirsiz və hasarsız idi. Həyəti torpaq olduğundan yağış yağanda cənazə daşıyan maşınların hərəkətində çətinlik yaranırdı. Valideynlərin belə sorağ almağa gələrkən otura biləcəyi bir yer yox idi. Bu problemləri aradan qaldırmaq üçün Milli Ordunun zabiti Seymur Həbibullayev məsciddə təmir işlərinə başladı. Mən də qaldım burada, həm şəhidlərimizin yola salınmasına yardım etdim, həm də dostlarımı hazırkı məscdin təmirinə cəlb etdim. 
 
Bir qadına ağır deyildi, müharibənin qızğın vaxtında şəhidlərin cənazələrini qəbul edib yola salmaq, valideynlərin naləsini eşitmək?
 
Çox ağır idi. Şəhid anaları gəlirdi, bəzən onlara təskinlik verməyə də söz tapa bilmirdim. Amma inanın ki, analar var idi, qürur duyurdular, fəxr edirdilər sadəcə nə qədərdə olsa valideyn üçün övladının cansız bədəni ilə qarşılaşmaq çox ağır idi. Bununla belə bir an da olsun narazılıq etmirdilər. Ancaq düşmənə nifrət hissi yağdırırdılar. Hətta oğlunun şəhidlik zirvəsinə yüksəldiyi üçün bu məsciddə qurban kəsən də olub. Övladı itkin düşənlər şəhid ataları, anaları ilə təsəlli tapırdılar ki, kaş onların da övladının şəhid xəbəri gələydi.
 
Jurnalist həmkarımıza “Niyə məhz burada, bu kənddə qaldız?” sualını verdikdə, verilən cavab bu oldu:
Demək olar ki, müharibədə şəhid olan əsgərlərimizin əksəriyyəti bu məscidə gətirlirdi. Məsciddə şərait yox idi. Təmirə ehtiyac var idi. Həm də Seymur müəllimə (Zabit Seymur Həbibullayev)  kömək lazım idi. Ona görə də burada qalıb hərbçilərimizə yardım etmək qərarına gəldim. Həm öz vəsaitimiz hesabına, həm də müəyyən iş adamlarının dəstəyilə məscidin abadlaşdırılması işlərini həyata keçirdik, tezliklə məscid suvandı, hasar çəkildi, həyət abadlaşdırıldı, cənazələrin hazırlanması yer tikildi, yas məclislərinin keçirilməsi üçün yer hazırlandı amma işlər hələ də davam edir.
Əksər şəhidlər burada yuyulub, hazırlanıb, son mənzilə uğurlanıb. Habelə planımızda olan budur ki, məscidin divarlarına şəhid olmuş və burdan son mənzilə yola salınmış qardaşlarımızın adlarını qeyd etmək və onların xatirəsinin əbədiləşdirilməsi üçün burada xüsusi bir abidə ucaltmaqdır.
Həmçinin istəyirik ki, məscidin adı “Şəhidlər” və ya “Zəfər” məscidi olsun. Bura məscid olmaqla yanaşı bir ziyatrətgaha olsun. Şuşaya, Kəlbəcərə, Laçına və digər işğaldan azad edilmiş ərazilərimizə səfər edəcək turistlər, vətəndaşlarımız öncə buranı ziyarət etsinlər. Bilsinlər ki, məhz bu şəxslərin qəhrəmanlıqları sayəsində onlar bu gün o yerlərədə sərbəst istirahət edə və ya yaşaya bilirlər. 
 
Eyni zamanda buradan məscidin abadlaşdırılmasında bizlərə hər bir yardımı göstərən iş adamları, dostlarımız-  Şamil Heydərov, Orxan Qəribov, Kamil Heydərov, Zamin Abbasov, Allahverdi İmanov, Təyyar Cəfərov, Rəhim Axundov, Hüseynəli Abbaslı, Rəşad Həşimov, Vəli Rüstəmov, Bəxtiyar Təhməzov, İmran Quliyev, Əli Süleymanov, Bağır Haqverdiyev, Nəriman Əliyevə təşəkkür edirik. Onların məscidin abadlaşdırılmasında maddi, mənəvi dəstəkləri xüsusi rol alıb. O cümlədən, Zamin Lütvəlioğlunun zəhmətini qeyd etmək istərdim, - deyən jurnalist həmkarımız məcsidin həyətini ölçən şəxsi göstərir. 
Müsahibə vermək istəməyən Beyləqan rayonunda yerləşən “Yolinşaat Servis” MMC-nin rəhbəri Zamin Lütfəlioğlu qısaca olaraq Vətən qarşısında öz borcunu yerinə yetridiyini bildirir. “Döyüşə getmək üçün könüllü müraciət etdik, yaş həddinə görə aparmadılar.  Biz də bu işdə faydalı olmaq istədik, Seymur müəllimin təşəbbüsünə qoşulduq və şəhidlərimizin uğurlandığı yerin abadlaşdırılmasına, onların adına layiq olsuna çalışdıq.” 
Təxminən sentyabr ayının sonlarından müharibə bitənə qədər məsciddə şəhidlərimizin dinimizə uyğun olaraq son mənzilə hazırlanıb, yola salınmasına yardım edən Bakıdakı Batamdar Məscidinin axundu Hacı Rəşad bu məscidin təmirinin dini baxımdan əhəmiyyətini vurğulamaqla yanaşı bunun şəhidlər qarşısında da bir mənəvi borc olduğunu deyir. Onun fikrincə, Məscidin abadlaşdırılması istər Tanrı dərgahında, istərsə də şəhidlərimiz və onların valideynləri qarşısında böyük xidmətdir. 

Baxış sayı: 7456 | Tarix: 08.02.2021
Bizi Telegramda izləyin: @repostaz