“Azərbaycan Dəmir Yolları” QSC-də Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti ilə görüş olub.
 
RePost.Az bildirir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov gənc mütəxəssislərin dəmir yolu sahəsinə marağının artırılması üçün zəruri addımlardan söhbət açıb və bu sahədə iş prosesini yaxından izləmək üçün əlverişli şərait yaradılmasının mümkünlüyünü diqqətə çatdırıb. Görüşdə gənc kadrların bilik və bacarıqlarına daha çox tələbat olan istiqamətlər müzakirə olunub. Onların nəzəri biliklərini tətbiq etmələri üçün müvafiq ixtisaslar üzrə təcrübə imkanlarının yaradılması barədə fikir mübadiləsi aparılıb.
 
AzTU-nun rektoru Vilayət Vəliyev görüşdən əvvəl Bakı Dəmir Yolu Vağzalı, eləcə də digər stansiya və depolarda iş prosesi ilə yaxından tanış olduğunu bildirib. Qeyd olunub ki, universitet dəmir yolu nəqliyyatı və təsərrüfatı sahəsində kadrlar hazırlamaqda maraqlıdır. Əgər zərurət yaranarsa, bu sahədə tələb olunan mütəxəssislərin hazırlanması üçün ali təhsil ocağında yeni ixtisasların yaradılması da mümkündür. "Azərbaycan Dəmir Yolları" QSC-dən peşəkar və ixtisaslı mütəxəssislər dəvət olunaraq, tədris prosesinə cəlb edilə bilərlər. Həmin tələbələrin  öz ixtisasları üzrə iş prosesinə cəlb olunmaları onların gələcək fəaliyyətlərində səmərəli təcrübə əldə etmələrinə imkan yaradar.
 
Görüş tələbə və məzunların təcrübə imkanlarının genişləndirilməsinə dair müzakirələrlə davam etdirilib.

Baxış sayı: 4207 | Tarix: 10.02.2021
Bizi Telegramda izləyin: @repostaz