“2020-ci il Dağlıq Qarabağda müharibənin başlanğıcında erməni əsgərlərin çoxu, görünür, 1994-cü ildə apardıqları müharibəyə bənzər müharibə aparacaqlarını gözləyirdi”.
“Report” xəbər verir ki, bu fikir “Forbes”da dərc olunan və Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsindən bəhs edən məqalədə yer alıb.
Nəşr qeyd edir ki, erməni qüvvələri “dünənin” müharibəsini təkrarlamağa yox, “gələcəyin” müharibəsinə kifayət qədər hazır olan azərbaycanlılar tərəfindən tamamilə məhv edilib.
Məqalədə Azərbaycana düşmən qüvvələri üzərində üstünlük qazandıran müasir pilotsuz uçan aparatların mühüm rolundan da bəhs edilir.
“Azərbaycan Ermənistanın hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün “Harop”dan istifadə etdi. Bu taktika və onun icrası sadəliyinə görə dahiyanə idi. Bakı köhnə Sovet “An-2” biplanlarını məsafədən idarə olunan aldadıcı nişanlara çevirdi, onları havaya qaldıraraq Ermənistanın “S-300”lərini aktivləşdirməyə məcbur etdi. Bu isə “Harop”lara bu vacib hədəfləri yüksək dəqiqliklə aşkar edib məhv etməsinə imkan verdi”, - “Forbes” qeyd edir.
Nəşr həmçinin münaqişə zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-nın Ermənistanın 1 milyard dollarlıq hərbi texnikasını məhv etdiyini vurğuladığını xatırladıb.
“Azərbaycan XXI-ci əsrdə bu cür inkişaf etmiş silah sistemlərindən istifadə edən bəlkə də ilk ölkə oldu və bunun tam təhlili üçün bir neçə illik retrospektiv analiz tələb oluna bilər... Necə olursa-olsun, yekunda keçən il Azərbaycan müasir müharibələrdə kiçik ölkələri qiymətləndirməməyin düzgün olmadığını açıq şəkildə nümayiş etdirdi”, - məqalədə bildirilib.