Bu gündən toy, nişan, ad günləri kimi mərasimlərin keçirilməsinə icazə verilir.
 
RePost.Az-ın məlumatına görə, bu barədə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.
 
Qeyd edilir ki, son aylarda COVİD-19 infeksiyasına yoluxma hallarının sayında əhəmiyyətli azalma və ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi həyata keçirilən effektiv tədbirlərin təzahürüdür. Müşahidə olunan müsbət tendensiya, habelə 2021-ci ilin əvvəlindən həyata keçirilməsinə başlanmış vaksinasiya prosesinin uğurla davam etdirilməsi xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına əlavə imkanlar yaradır.
 
Bununla əlaqədar, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən aşağıda göstərilən şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar verib:
 
50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinə münasibətdə:
 
yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (bundan sonra – COVİD-19 pasportu) olduğu halda icazə verilir və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi ləğv edilir;
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən 2021-ci il iyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul eilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.
 
şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az[1]) daxil edilməldir. Portal 2021-ci il 26 iyun tarixindən etibarən müvafiq məlumatları daxil etmək üçün aktiv ediləcəkdir.
 
keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır;
 
şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmalıdır. Müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və şənlik sahibi birgə cavabdehlik daşıyacaqlar;
 
sanitar-epidemioloji tələblərə riayət olunması məqsədilə yuxarıda qeyd olunan məsələləri və digər tələbləri özündə ehtiva edən metodiki göstərişlər təsdiq olunaraq şənlik mərasimlərinin təşkili və keçirilməsində rəhbər tutulacaqdır;
 
50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də[2] müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi saxlanılmaqla) və həmin şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur;
 
150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağan edilir.
 
İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaqdır. Monitorinq qrupları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndlərindən ibarət tərkibdə təşkil olunacaqdır.
 
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.

Baxış sayı: 6240 | Tarix: 01.07.2021
Bizi Telegramda izləyin: @repostaz