“İcbari tibbi sığorta ilə bağlı narazılıqlar var, şikayətlər daxil olur”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.
Deputat bildirib ki, qaraciyərində problem olan şəxs ona müraciət edib: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə bu məsələ barədə telefonla danışdım, xanıma kömək edilməsini xahiş etdim. Qurum rəhbəri mənə söz versə də, heç bir reaksiya olmadı. Məcbur olub, deputat sorğusu göndərdim. Sorğuma iki ay sonra cavab gəldi. Əfsuslar olsun ki, həmin insan 2 gün öncə dünyasını dəyişdi. Necə ola bilər ki, 2 ay yarıma bu qurum insanlara kömək edə bilməsin? Mənə aydın oldu ki, bu sahədə kifayət qədər problem var. Digər tərəfdən, 103 xidmətində də problemlər var. Bunlar çatdıra bilmir. 103 xidmətinin 129 ekipajı var. Koronavirusla əlaqədar ümumiyyətlə, 103 xidməti çatdıra bilmir. Təklif edirəm ki, koronavirusla bağlı başqa “Qaynar xətt” yaradılsın və bu çağırışlar başqa xidmətə verilsin”.