Avropa meteoxidmətləri bu ilin qışının son 30 ilin soyuq qışı olan illərindən olacağını istisna etmir. Qış havasına qütb burulğanı olan alçaq təzyiqli arktika hava burulğanı təsir edəcək.
 
Həddindən artıq soyuq arktik hava kütlələri şimal yarımkürəsindən cənub enliklərədək yayıldıqda belə hava hadisəsi “arktika sıçrayışı” adlanır.
 
RePost.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
 
Onun sözlərinə görə, hazırda çox soyuq hava kütləsi Rusiyanın Avropa hissəsində anomal soyuqlara səbəb olub, güclü qar və çovğun, yollarda buz örtüyü əmələ gətirib.
 
Artıq şimaldan cənuba yönəlmiş soyuq atmosfer cəbhəsi Şimali Qafqazda güclü qara səbəb olmaqla, qar uçqunları təhlükəsi yaradıb.
 
Sabah hava nisbi sabit olacaq, bəzi ərazilərdə duman gözlənilir.
 
Lakin, həftənin 2-ci yarısında Şimalı Qafqazda və Türkiyənin Aralıq dənizi sahillərində baş verən proseslərin əlamətləri bizim ərazimizdə də özünü göstərməyə başlayacaq.
 
Yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də Kür çayı boyu ərazilərdə küləyin güclənəcəyi gözlənilir. Soyuq qarlı hava kütlələrinin şimal və qərbdən daxil olacağı proqnozlaşdırılır. Bununla əlaqədar, 13-də səhər Naxçıvan MR-da, Qarabağda, Şərqi Zəngəzurda, gündüz Böyük Qafqaz bölgəsində qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. Yollar buz bağlayacaq. Axşama doğru prosesin ölkə ərazisini əhatə edəcəyi, lakin aran rayonlarında yağıntının əsasən yağışla başlayacağı, bəzi yerlərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. Yanvarın 15-də cənub-qərb küləyinin güclənəcəyi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunları təhlükəsi ehtimal olunur.
 
Hamını Bakıda qarın düşməsi maraqlandırır.
 
Yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim ediləcək. Lakin, proqnoz modelləri böyük ehtimalla Abşeronda sulu qarın yağacağını deməyə imkan verir.
 
Belə ki, Bakıda və Abşeronda 13-ü axşam saatlarından yağış yağacağı, 14-də sulu qara, Bakı şəhərinin nisbətən yüksək ərazilərində isə qara keçəcəyi gözlənilir.
 
Ayın 13-ü axşam və 14-də havanın soyuması və güclü küləklə yanaşı, yanvarın 16-dək davam edən atmosfer təzyiqinin təzadlı qalxıb enməsi gözlənilir.
 
Bu təsir effektini qısa müddət ərzində bir neçə dəfə 1000 metrlik yüksəkliyə qalxıb enmə nəticəsində yarana biləcək hisslə müqayisə edə bilərik.
 
Bu səbəbdən xüsusən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara səhhətlərinə qarşı daha diqqətli olmaları tövsiyə olunur.

Baxış sayı: 6734 | Tarix: 11.01.2022
Bizi Telegramda izləyin: @repostaz