Abşeron rayonunun Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbində istilik sisteminin olmaması ilə bağlı şikayətlər daxil olub.
RePost.Az xəbər verir ki, ARB TV-nin əməkdaşı şikayətlərlə bağlı adı çəkilən məktəbdə olub.
Valideynlər istilik olmadığından uşaqların dərsdən qaldığını deyiblər. Məktəbə baxış keçirilən zaman dəhlizdəki istilik sistemlərindən bəzilərinin işlək olduğu, bəzilərində isə istiliyin mövcud olmadığı aşkarlanıb.
Məktəbin direktor müavini Gülnarə Mehdiyeva istiliklə bağlı problem olduğunu, bununla bağlı nazirliyə müraciət etdiklərini deyib. Məktəb yeni istilik sistemləri ilə təmin olunub.
Abşeron rayon Təhsil Şöbəsindən isə bildirilib ki, ötən həftə məktəbin istilik sistemində bəzi problemlər aşkar olunub. Aparılan təmir işləri ilə əlaqədar məktəbin istilik təchizatında müəyyən fasilələr yaranıb.
Hazırda təmir işlərinin davam etdirildiyi və məktəbin həftəsonuna qədər istiliklə təmin olunacağı gözlənilir.
Həmçinin qurumdan bildirilib ki, dərslər cədvələ uyğun olaraq davam etdirilir.