Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Milli Qəhrəmanın həyat yoldaşına verilən təqaüdün dayandırılmasına aydınlıq gətirib.
 
BAKU.WS xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bütün şəhid ailələri kimi, Azərbaycanın Milli Qəhrəmanı şəhid Səmədov Pərviz Abduləhəd oğlunun da ailəsinə bütün istiqamətlərdə dəstəyin göstərilməsi diqqətdə saxlanılır.
 
Qeyd olunub ki, şəhid Milli Qəhrəmanın həyat yoldaşı kimi Şahvələdova Mətanət Ziyəddin qızına, eləcə də onların tək övladına (23 yaşadək) uzun illər Prezidentin aylıq təqaüdü ödənilib: "Sosial ödənişlərin təyinatında şəffaflığın təminatı vəziyyətinin yoxlanılması üçün keçirilən monitorinq zamanı M.Şahvələdovanın şəhidin həyat yoldaşı olduğunu təsdiq edən nikah haqqında şəhadətnamə olmadığı müəyyən edildiyindən qanunvericiliyin tələbi ilə həmin təqaüdün ödənişi saxlanılıb. Lakin Vətənimizin ərazi bütövlüyü uğrunda igidlik göstərmiş Milli Qəhrəmanımızın ailəsinin üzləşdiyi bu vəziyyətin aradan qaldırılması, ailənin xeyrinə hüquqi addımların atılması ilə bağlı işlərə başlanılıb.
 
Bu səbəbdən, habelə ailənin uzun illər müvafiq sosial ödənişlə təmin edildiyi nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həmin təqaüdün bərpası və ödənişinin davam etdirilməsi məsələsinin məhkəmə qaydasında həll edilməsi nəzərdə tutulub. Bunun üçün Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının hüquqşünasları tərəfindən müvafiq işlərə başlanıb. Filialın əməkdaşları ailəni evində ziyarət edərək, məhkəməyə müraciət edilməsi üçün müvafiq sənədləşdirmə, habelə nikahı təsdiq edən məlumatları toplayıblar. Məsələnin müsbət həlli üçün işlər davam edir".

Baxış sayı: 4682 | Tarix: 02.02.2022
Bizi Telegramda izləyin: @repostaz