Rusiya Ordusu Ukraynanın cənubunda yerləşən Xerson şəhərinin mərkəzinə daxil olub.
 
RePost.Az xəbər verir ki, bu barədə şəhər meri İqor Kolıxayev bildirib. O, Rusiya Ordusunun dəniz limanı və vağzalı nəzarətə aldıqlarını, döyüşlərin davam etdiyini söyləyib.
 
Kolıxayev şəhərdə yüzlərlə cəsəd olduğunu, onları çıxarmaq üçün “yaşıl dəhliz”in təşkil edilməsinin vacib olduğunu əlavə edib.
 
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində bildirilib ki, Rusiya qüvvələri Kiyevi şimal və şimal-qərb istiqamətindən mühasirəyə almaq üçün hücum cəhdlərini davam etdirir.
 
“Podolsk istiqamətində düşmən zirehli texnika ilə Qoreniçi, Qostomel, Demidova doğru irəliləyərək Kiyevi şimal və şimal-qərbdən mühasirəyə almağa çalışır”, - qeyd olunub.
 
Ukrayna tərəfi Rusiya hərbçilərinin Xerson və Nikolayev şəhərləri istiqamətində irəlilədiklərini, Mariupol şəhərini mühasirəyə almağa çalışdıqlarını açıqlayıb.
 
Baş Qərargah Rusiya Ordusunun heç bir istiqamətdə ciddi uğur əldə edə bilmədiyini də bəyan edib.
 
Vurğulanıb ki, Rusiya Ordusunun mənəvi durumu və qələbə əzmi şiddətli müqavimətinə görə sürətlə azalır, bütün istiqamətlərdə itki verirlər.
 
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı isə böyük itkilər səbəbi ilə Rusiya Ordusunun səfərbərlik elan edərək ehtiyat qüvvə topladığını bildirib.
 
Onun sözlərinə görə, Rusiya Ordusu taktiki təşəbbüsü itirib və hücum tempini azaltmalı olub.

Baxış sayı: 7722 | Tarix: 02.03.2022
Bizi Telegramda izləyin: @repostaz