Ənənəvi idman növlərinin dirçəlişi üçün bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik.
RePost.Az xəbər verir ki, bunu Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Bakıdakı Beynəlxalq Etnoidman Forumunda deyib.
O bildirib ki, hər bir ölkənin və xalqın idman növləri inkişaf etməlidir: “Etnoidman növlərinin inkişafında sülh və həmrəylik önəmli rol oynayır. Bu sahədə işləmək istəyən bütün alimləri də işə cəlb edirik. Biz təqaüd proqramlarını da işə salmışıq. Fəlsəfə doktoru mükafatlarının verilməsi prosesi başlayıb. Bəzi universitetlərdə tədqiqatçılarımız da var”.
Forumun məhsuldar olacağını deyən Bilal Ərdoğan gələcəkdə üzvlərin sayını artırmaq istədiklərini vurğulayıb: “İndi dünyada müharibədən danışılır. Biz çalışdıq ki, bu forumla insanlıq və xalqlar üçün rəngarəng tədbir təşkil edək. Məqsədimiz bəşəriyyətin ümumi dəyərlərini qoruyub saxlamaqdır. Sülhə və həmrəyliyə töhfə vermək istəyirəm. Bu gün səhər saatlarında Azərbaycan Prezidenti İlham Əliyev məni qəbul etdi. Azərbaycan Prezidentinə, eyni zamanda, gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edirəm”.