Daxili İşlər Nazirliyi(DİN) bir sıra KİV-lərdə və sosial şəbəkələrdəki səhifələrdə qadın vətəndaşlarımızın Polis Akademiyasına, o cümlədən polis orqanlarında xidmətə qəbulunun dayandırılması ilə bağlı səslənən iddialara cavab verib.
 
Nazirliyin mətbuat xidmətinin bölmə rəisi, baş leytenant Zeyni Hüseynov APA-ya bildirib ki, hazırda daxili işlər orqanlarında qadın əməkdaşlar kişilərlər birlikdə çiyin-çiyinə xidmət aparırlar:
"Qadın paqondaşlarımızın böyük bir qismi Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, mətbuat, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil sahələrində, “102” və “Təhlükəsiz Şəhər” qurumlarında, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərir, kişi həmkarları ilə bərabər cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm vəzifələri layiqincə yerinə yetirirlər".
 
Nazirlik nümayəndəsi həmçinin qeyd edib ki, hazırda qadın vətəndaşların Polis Akademiyasına qəbulu dayandırılıb:
 
" Amma bu o demək deyil ki, qadın vətəndaşlarımız polis sıralarına qoşula bilməz. Qadın vətəndaşlarımız digər yerli ali təhsil müəssisələrini hüquq ixtisası üzrə bitirib polis orqanlarında xidmətə qəbul ola bilərlər".
 

Baxış sayı: 4853 | Tarix: 20.04.2022
Bizi Telegramda izləyin: @repostaz